Azərbaycan Prezidenti: "Bizim siyasətimiz reallıqları dəyişməyə yönəlib"

Azərbaycan Prezidenti: "Bizim siyasətimiz reallıqları dəyişməyə yönəlib"

"Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Bu da qarşılıqlı hörmətdən və daxili işlərə qarışmamaqdan irəli gəlib. Əgər qonşu ölkə ilə problem varsa, bu, hər iki tərəfə pis təsir göstərir. Ermənistanı kənara qoysaq, digər qonşularla çox yaxşı münasibətlər qurmuşuq". SİA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib. O bildirib ki, Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb: "Bu, tək enerji ilə bağlı deyil. Keçən ay Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başlamışıq. Biz siyasətimizi milli maraqlara, reallıqlara əsaslanaraq qurmalıyıq. Avropa İttifaqına münasibətdə də real məqsədlər irəli sürmüşük. Tərəfdaşlarımız da belə yanaşır. Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdansa, strateji tərəfdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdik. Bizim siyasətimiz real vəziyyətə əsaslanır. Bəzi hallarda isə bizim siyasətimiz reallıqları dəyişməyə yönəlib. Bəzən bizim qonşularımız arasında anlaşma itir, bu zaman biz sabitləşdirici rol oynamağa çalışırıq".

Prezident xatırladıb ki, bir müddət əvvəl Bakıda ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargahlarının rəislərinin görüşü keçirilib: "Bu, onların təşəbbüsü idi. Azərbaycanın rolu artıq qiymətləndirilir. Satellit tərəfdaş olmaq uğur gətirməz, Azərbaycanın ətrafında belə tərəfdaşlar var. Onu da qeyd edim ki, Azərbaycan terrorçuluğa qarşı mübarizədə iştirak edir, hərbçilərimiz Əfqanıstanda bu mübarizədə iştirak edir. Eyni zamanda, Azərbaycan bu sahədə hərbi yüklərin daşınmasına dəstək verir".

Bütün xəbərlər Facebook səhifəmizdə