"Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyəli müzakirələrin keçirilməsi çox müsbət haldır. Bu, problemin həllinin artıq yetişdiyini və onun Azərbaycandan çox, həm də dünyaya zərər verdiyi qənaətinə gəlindiyini göstərir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, nəinki Türkiyə-Rusiya, Azərbaycan-Rusiya görüşlərində, ümumilikə böyük dövlətlər arasında keçirilən görüşlərdə Dağlıq Qarabağ məsələsinə tez-tez qayıdırlar: "Bu problem son dövrlərdə artıq Ermənistan üçün də çox ciddi fəsadlara gətirib çıxarır. Ermənistanın bir dövlət kimi mövcudluğuna son qoyulmağa başlayıb. Əhalisi köçüb, iqrisadiyyatına investisiya qoyulmur, ölkə hərbi xuntanın əlindədir, hətta Xocalı soyqırımının qatili, keçmiş müdafiə naziri Seyran Ohanyan belə son çıxışında bildirdi ki, Ermənistanda çox ciddi radikal dəyişikliklərə ehtiyac var. Bunun özü göstərdi ki, Ermənistan cəmiyyətini bu vəziyyətə salanların özü bunun artıq son olduğu qənaətinə gəliblər. Bu başqa məsələ ki, hələ normal, sivil düşüncə Ermənistanda hakim olmayıb. İşğalçı ölkə hələ də ümid edir ki, hansısa bir məqamda möcüzə baş verəcək və Azərbaycan torpaqlarını Ermənistana güzəştə gedəcək və yaxud da indiki status kvonu qəbul edərək Ermənistanla mehriban qonşuluq siyasəti aparacaq. Bunlar əlbəttə ki, mümkün olan məsələ deyil. Bu baxımdan danışıqlar müxtəlif səviyyədə gedir və bunların da nəticəsində işğala son qoyulacağına ümid edirik".
A.Mirzəzadə vurğulayıb ki, Azərbaycanın ən böyük kompromisi danışıqlara getməsi, Qarabağ ərazisinə geniş muxtariyyət verilməsinə razı olması, heç bir şərt qoymadan danışıqları davam etdirməsidir: "Suveren ölkə kimi bizim hətta bu gün müharibə aparmaq hüququmuz var, bununla belə Azərbaycan yenə də Ermənistana son şans verir, ümid etmək istəyirik ki, bu danışıqlar hər halda müəyyən bir nəticəyə gətirib çıxaracaq".
Millət vəkili ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanda ATƏT-in Mink qrupu həmsədrlərinə etimad artıq çoxdan itib: "Həmsədrlər sadəcə diplomatik gedişlər edirlər, konkret heç nə yoxdur. Tərəfləri kompromisə, sülhə çağırmaq metodları heç bir nəticə vermir. İndiyə qədər Ermənistan işğalçı dövlət kimi tanınmayıb, Azərbaycan və Ermənistanı tərəzinin bir gözünə qoymaq siyasəti yeridilir. Onlar ildə iki dəfə səfər etməklə öz üzərlərinə düşən vəzifəni yerinə yetirmiş hesab edirlər. Bu baxımdan həmsədrlərin özünün baxışlarında və fəaliyyətində ciddi dəyişikliyə çox böyük ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB