"Ümumiyyətlə, Mehman Hüseynov kimilərini beynəlxalq təşkilatlar müdafiə etmir. Onu və onun kimi digərlərini xaricdəki müəyyən qeyri-hökumət təşkilatları (QHT) müdafiə edir. Maraqlananda isə həmin QHT-lərin bu çağırışlarında siyasi motivlərin olduğunu görərik". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, bugün Mehman Hüseynov adlı şəxsin tutulması onların Azərbaycanla bağlı hansısa layihəsinin həyata keçməməsi, Azərbaycanla bağlı hansısa fikirlərinin reallaşmamasından irəli gəlir: "Bu şəxs konkret olaraq cinayət əməlinə görə həbs olunub. Amma nədənsə onun təhqir etdiyi insanların müdafiəsinə heç kəs qalxmır. Belə çıxır ki, Azərbaycanda Mehman Hüseynovlar üçün bir Cinayət Məcəlləsi, digərləri üçün ikinci bir Cinayət Məcəlləsi olmalıdır. Ümumiyyətlə, qanun qarşısında hamı bərabərdir. Heç kəs qanunu poza, cinayət əməlinə yol verə bilməz. Əgər cinayət əməlinə yol verdikdə hüquqi dövlət olduğumuza görə, əlbəttə, məhkəmə tərəfindən müvafiq cəzasını alacaq. Biz Avropadan demokratiyanı, insan hüquqlarını, qanunun aliliyini öyrənirik".
A.Mirzəzadə əlavə edib ki, inkişaf etmiş demokratik ölkələrdən bizə hansısa bir şəxsi təcili azad etmək tələbi gəldikdə onların çağırışları ilə bizim öyrəndiyimiz demokratiya bir-birinə düz gəlmir: "Yəni bu baxımdan mən istərdim ki, Mehman Hüseynov məsələsi siyasiləşdirilməsin və bu məsələyə siyasi qiymət verilməsin. Konkret olaraq onun hərəkətlərində cinayət əməli olub. Həmin cinayət əməlinə görə də Mehman Hüseynov həbs edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB