YAP Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirib YENİLƏNİB - SƏS TV
Bu gün Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar və rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə Xocalı faciəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
İlk çıxış edən Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Ə.Əhmədov bildirib ki, bəşəriyyət zaman-zaman qətliam, soyqırımlara məruz qalıb ki, Azərbaycan xalqı da bu faciələrdən kənarda qalmayıb. Xocalı faciəsinin törədilən qətliamlardan ən dəhşətlisi olduğunu deyən baş nazirinin müavini qeyd edib ki, bəşəriyyət zamanında belə soyqırımların baş verməməsi üçün lazımi mexanizm hazırlaya bilməyib.
"Dünya hələ də Xocalı faciəsinə, ermənilərin törətdiyi qətliama lazımi qiyməti verməyib: "Bəşəriyyət bundan iyrənc davranış görməyib. Xocalı göstərdi ki, həyat tərzi qan içməkdən ibarət olan ermənilər uşaq qatili də ola bilər. Ermənilər hətta yırtıcıya xas olmayan vəhşi xüsusiyyətlərə malikdirlər"- deyə Ə. Əhmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan heç vaxt xalqının qanının yerdə qalmasına razı olmayacaq: "Ermənilər haqq-ədalət, hüquq qarşısında cavab verməlidir: "Bu, bizim əsas işimiz olmalıdır. "Xocalıya ədalət" Xocalıya qayıdış kampaniyasına çevriləcək. İnanıram ki, müvəqqəti itirilən torpaqlara böyük qayıdış baş verəcək. Xocalı göz yaşları ilə anılmamalı, zəiflik əlaməti kimi ortaya çıxarılmamalıdır. Biz torpaqlarımızı, tariximizi daha qətiyyətlə qorumalı, qara qüvvələrin qəsd etməsinə imkan verməməliyik".
YAP sədrinin müavini əlavə edib ki, gənc nəsillər Xocalı faciəsini unutmamalıdırlar: "Əgər onlar bu faciəni unutsa, tarixi yaddaşımız silinib gedə bilər".
Daha sonra çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova söyləyib ki, faciədən 25 il keçməsinə baxmayaraq, hələ də bu hadisə unudulmayıb: "Bugünkü tədbirdə kədər hissi hakimdir. Bu kədər xalqımızın məsuliyyət hissindən doğur. Əlbəttə, biz xalqın həyatına cavabdehlik üçün mandat almışıqsa, onların problemlərinin həllini vəzifələrimizin önündə görməliyik. Yeni Azərbaycan Partiyası Xocalının tanıdılması istiqamətində öz səylərini göstərir. ölkəmizdə Xocalının tanıdılması istiqamətində lazımı işlər görülür. Bu işlərin nəticəsidir ki, artıq ABŞ-ın 23 ştatı, ayrı-ayrı ölkələr və onların parlamentləri Xocalını soyqırımı kimi tanıyıb".
Ötən gün Milli Məclisdə Xocalı soyqrımının 25 illiyi ilə bağlı qərar layihəsinin qəbul edildiyini deyən B.Muradova qeyd edib ki, Azərbaycan Xocalının tanıdılması istiqamətində bu günə qədər apardığı siyasətini davam etdirərək öz torpaqlarını işğaldan azad edəcək: "Biz bir vətəndaş olaraq bu siyasəti dəstəkləməliyik".
Tədbirdə çıxış edən millət vəkili Hüseynbala Mirələmov deyib ki, XX əsr düşüncələrdə soyqırımı əsri kimi yadda qalıb: "Lakin bu əsrdə törədilən ən dəhşətli soyqırmı məhz Xocalı idi. O zaman faciə ilə bağlı fikirlərini bildirən Ulu Öndər Heydər Əliyev söyləmişdi ki, Xocalı tək azərbaycanlılara deyil, bəşəriyyətə qarşı həyata keçirilən qətliamdır. Tarix heç zaman onu törədənləri bağışlamayacaq".
Daha sonra tədbirdə çıxış edən natiqlər də soyqırımla bağlı fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB