Bu gün YAP Xətai rayon təşkilatında Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Xocalı faciəsinin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soyqırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini deyən Baş nazirin müavini qeyd edib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.
Əli Əhmədov diqqətə çatdırıb ki, bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Baş nazirin müavini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasının bu istiqamətdə böyük rolunun olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, artıq bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər.
Nailə Məhərrəmova




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB