Əli Pənahov: "Gənclər “Xocalı Soyqırımı”nın tanıdılması istiqamətində mühüm işlər görür" MÜNASİBƏT
1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. İşğalçı, təcavüzkar Ermənistan ordusunun hücumu nəticəsində qocalar, qadınlar, körpələr vəhşicəsinə qətlə yetirildi.
Soyqırımının törədilməsi bir daha göstərdi ki, Azərbaycan torpaqları hesabına dövlət quran Ermənistan dövlətinin əsl mahiyyəti vəhşilikdir, cinayətkarlıqdır. İşğalçı Ermənistanın təcavüzkar siyasəti təkcə Xocalı faciəsi zamanı deyil, bütün tarix boyu Azərbaycana qarşı davam etmişdir.
Ulu öndərimiz sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli işlər görüldü. Bu siyasət bu gün də davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sözügedən siyasətin əsası isə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Ümummilli liderin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində bütün lazımi addımları atır. Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya Ədalət" beynəlxalq kompaniyası çərçivəsində həyata keçirilən çox istiqamətli tanıtım işlərinin məntiqi nəticəsidir bu gün Xocalını Soyqırım kimi tanıyan dövlətlərin sayı artır.
Erməni vəhşiliyinin ifşa olunması istiqamətində dövlətimiz tərəfindən olduqca vacib işlər həyata keçirilir. Bunlar Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun yüksəldilməsi, onlara tarixi həqiqətlərin aşılanması baxımından vacibdir. Sözü gedən soyqırımın qurbanları nəinki təkcə Xocalı faciəsinin ildönümü zamanı eyni zamanda bütün il ərzində ölkə vətəndaşları, ölkəmizə təşrif buyuran xarici ölkə vətəndaşları, eyni zamanda rəsmi şəxslər tərəfindən anılır, onların xatirəsi ehtiramla yad edilir.
Nə xoş haldır ki, bugün ölkədə vətənpərvər gənclik yetişir və bu tarixi faciəni həm unutmur, həm də unutdurmur. Biz bunun cənab Prezidentin şücaəti nəticəsində "aprel döyüşləri"ndə ki qalibiyyətimiz zamanı şahidi olduq.
Azərbaycanın vətənpərvər gəncliyi istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda "Xocalı Soyqırımı"nın tanıdılması istiqamətində mühüm işlər görür və bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirərək erməni cinayətlərinin ifşa olunmasına çalışacağıq.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, ofisinin rəhbəri Əli Pənahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB