Bu günlərdə işğalçı Ermənistanın müdafiə naziri Viqen Sarkisyan "RİA Novosti"yə müsahibəsində bildirib ki, Qarabağ döyüşlərində lazım gələrsə, erməni tərəfi "İskəndər" raketlərindən istifadə edə bilər. Erməni nazirin bu kimi fikirləri əlbəttə ki, heç bir köklü məntiqə söykənməsə də, fakt budur ki, işğalçı ölkə öz aqressiv düşüncələrini aşkar şəkildə etiraf edir. Ancaq bununla yanaşı, ermənilərin güc nazirinin və siyasət adamlarının bənzər bəyanatlarla çıxış etməsi onların yeni müharibənin başlanacağından qorxduqları ehtimalını da üzə çıxarmış olur. Çünki son dövrlərdə erməni KİV-ləri Qarabağ cəbhəsində müharibə ehtimalı ilə bağlı gündəlik analitik yazılarla, açıqlamalar və müsahibələrlə çıxış edirlər. Bunu isə əlbəttə ki, ötən ilin aprel müharibəsinin onlara vurduğu ağır zərbənin nəticələri kimi də qiymətləndirmək olar.
Bakı Moskva ilə yeni silah təchizatı ilə bağlı danışıqlar aparır və yeni müdafiə sistemlərinin əldə edilməsində maraqlıdır
Belə ki, erməni müdafiə nazirindən öncə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da bənzər çıxışlar edib, ancaq onun fikirləri dolayısı ilə Azərbaycanın hərbi potensialının gücünü etiraf etməklə nəticələnib. Erməni XİN-nin rəhbəri Rusiyanın aparıcı saytlarından birinə verdiyi müsahibəsində bildirib ki, Azərbaycanın Rusiyadan silah alması Ermənistanı narahat edir.
Qeyd edək ki, Rusiya KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin yanvar ayında Davos beynəlxalq iqtisadi forumundakı bəyanatını xatırladaraq yazır ki, Bakı Moskva ilə yeni silah təchizatı ilə bağlı danışıqlar aparır və yeni müdafiə sistemlərinin əldə edilməsində maraqlıdır.
"Əlbəttə, Azərbaycanın müttəfiqimizdən silah alması bizim xoşumuza gələ bilməz"-deyə təlaşını gizlədə bilməyən erməni nazir Rusiyanı ittiham etməyi də unutmayıb və Rusiyanın Minsk qrupunun üzvü olduğunu xatırladıb.
Nalbandyan özü də öz sözlərinə inanmayaraq, "gücərin balansını" qorumaq üçün çaba göstərdiklərini desə də aprel müharibəsindən də yan keçməyib və siyasi həyazıslıq nümayiş etdirərək bildirib ki, guya "Ermənistan heç bir normaları pozmur və yeni müharibənin başlanmasında maraqlı deyil".
Lakin fakt budur ki, erməni nazir Azərbaycanın güclü silah və hərbi texniki cəhətdən Ermənistanı dəfələrlə üstələməsindən kifayət qədər çox narahat olduğunu gizlətmir, eləcə də bu vasitə ilə Azərbaycanın işğal altında qalan torpaqlarının azad edilməsi üçün tam hazır vəziyyətdə olduğunu dolayısı ilə etiraf edir.
Pavel Felgenhauer: "Azərbaycan ictimaiyyətində daha çox mövqeləri ələ keçirmək tələbi var"
Yeri gəlmişkən, mövcud açıqlamalar və bəyanatlar fonunda bir sıra xarici siyasi ekspertılər də Qarabağ cəbhəsində vəziyyətin heç də stabil olduğunu demirlər. Məsələn, rusiyalı hərbi ekspert Pavel Felgenhauer Ermənistanın "1in.am" saytına müsahibəsində deyib ki, Qarabağda hərbi fəaliyyətlər mütəmadi qaydada olur: "Şübhəsiz ki, konfliktin eskalasiyası mümkündür. Yeni müharibə ehtimalı var, amma onun nə vaxt baş verəcəyini deyə bilmərəm. Məncə, konfliktin eskalasiyası qaçılmazdır".
Pavel Felgenhauer tərəflərin mövqeyinin üst-üstə düşmədiyini də deyərək, yekun nəticədə Qarabağ cəbhəsi, hətta Ermənistan-Azərbaycan sərhədində də yeni toqquşmaların ola biləcəyini deyib. "Azərbaycan ictimaiyyətində daha çox mövqeləri ələ keçirmək tələbi var, erməni ictimaiyyəti isə heç olmasa, apreldə itirilmiş mövqeləri geri qaytarmaq istəyir"-deyə rusiyalı politoloq bildirib.
Azərbaycanlı general: ""Dəmir günbəz" dünyada yeganə sistemdir ki, bütün tip raketləri məhv edə bilir"
Bu arada erməni nazirin çıxışına münasibət bildirən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib ki, Ermənistan tərəfinin "İskəndər" raketlərini gündəmə gətirməsi birinci dəfə deyil və narahat olacaq məqam yoxdur.
Generalın sözlərinə görə, Azərbaycanda ermənilərə cavab verəcək kifayət qədər zenit-raket komplekslər, həmçinin "Dəmir günbəz" kompleksi var.
Aydəmirovun sözlərinə görə, düşmən tərəfinin hər bir hərəkəti nəzarət altındadır: "Azərbaycanın "Dəmir günbəz"i "İskəndər" raketlərinə tam cavab vermək imkanına malikdir. Bu kompleks "İskəndər" raketlərinə sərbəst şəkildə cavab verəcək və onu susduracaq. Belə ki, onlar start nöqtələrindən çıxan kimi məhv ediləcək. "Dəmir günbəz" dünyada yeganə sistemdir ki, bütün tip raketləri məhv edə bilir".
Hərbi ekspert: "Yerevanda yaxşı bilirlər ki, Azərbaycan tərəfi erməniləri istər silah gücü baxımından, istər şəxsi heyət hazırlığı baxımından və s. parametrlər üzrə üstələyib"
Digər hərbi ekspert, polkovnik Şair Ramaldanov da mövzu ilə bağlı deyib ki, Azərbaycanın Silahlı Qüvvələri öz arsenalında elə silahlara malikdir ki, düşmənin "İsgəndərlər"i ilə yanaşı, həyat əhəmiyyətli infrastrukturlarına da ölçüyəgəlməz zərbələr vura bilər. O, belə bir məsəli də xatırladaraq bildirib ki, "İtdən soruşanda niyə hürürsən, deyir qorxuduram, soruşanda ki, bəs niyə quyruğunu bulayırsan, deyir özüm qorxuram". SİTAT: ""İsgəndər"lə hədələmə sadəcə psixoloji xarakter daşıyır. Yerevanda yaxşı bilirlər ki, Azərbaycan tərəfi erməniləri istər silah gücü baxımından, istər şəxsi heyət hazırlığı baxımından və s. parametrlər üzrə üstələyib."
"Dünyanın heç bir ölkəsi ermənilərə nüvə komponentləri verməz"
"İsgəndərlər"in funksional üstünlüyünə gəlincə, hərbi ekspert deyib ki, onların uzaq məsafə qət etməsi və nüvə başlıqları daşıya bilməsi potensialı var: "Aydındır ki, dünyanın heç bir ölkəsi ermənilərə nüvə komponentləri verməz. Lakin özü-özlüyünə qalanda bu raketlər hər hansı fövqəladə gücə malik deyillər. Eyni zamanda, Yerevandakı hərbi paradda bu raketlərin ikinci nəsil köhnəlmiş variantlarını nümayiş etdiriblər. Halbuki, indi "İsgəndər"lərin beşinci nəsli istehsal olunur. Bizim infrastrukturlarımızı məhv etmək üçün ermənilərə çoxlu "İsgəndərlər" lazımdır. Yeri gəlmişkən, erməni müdafiə nazirinin məlum bəyanatının ardınca mən belə düşünməyə başlamışam ki, ümumiyyətlə, həmin "İsgəndərlər" Ermənistanın silahlı qüvvələrinindirmi? Ümumiyyətlə, bu ölkənin "İsgəndərləri" varmı? Çünki bir çox məlumatlara görə, həmin raketlər Rusiyanın Gümrüdə yerləşən hərbi bazasında qeydiyyatdadır".
"Azərbaycan Ordusu hərbi əməliyyatlar baxımından öz strategiyasını minimal canlı itki vermək üzərində qurur"
Ş.Ramaldanov bununla yanaşı bildirib ki, hətta 21 km. məsafə qət edən "Qrad" raketləri düşmənə "İsgəndər"dən daha dağıdıcı zərbə vura bilmək gücündədir. Onun sözlərinə görə, Azərbaycanın silah aresnalında düşmən raketlərini havadaca məhv etməyə qadir olan dağıdıcı silahlarının sayı kifayət qədərdir. SİTAT: "Azərbaycan Ordusu hərbi əməliyyatlar baxımından öz strategiyasını minimal canlı itki vermək üzərində qurur. Bu, bizim strateji xəttimizdir ki, şəxsin heyətin hərbi hazırlığı zamanı təlimlərdə icra olunur. Son illərdə baş verənləri nəzərə alarsaq, deyə bilərik ki, Ermənistandan fərqli olaraq bizdə bu strategiya daha uğurlu alınır. Hansı ki, cəbhədə baş verənlərdən sonra orada əsgər ölümləri ilə bağlı kütləvi etirazlar baş qaldırır".
SIPRI: "Azərbaycan yeni silahlar əldə etməklə Ermənistanı 20 dəfə keçib"
Bugünlərdə erməniləri məyus edəcək daha bir faktor Stoqholm sülh problemləri araşdırmaları beynəlxalq insitunun (SIPRI) dünya ölkələrinin silah alışı ilə bağlı yaydığı növbəti hesabatında qeyd olunub. Həmin hesabatda silah idxalı baxımından Azərbaycanla Ermənistan arasındakı böyük fərqə toxunulub. Hesabata görə, 2012-2016-cı illər ərzində Azərbaycan yeni silahlar əldə etməklə Ermənistanı 20 dəfə (!-R.N.) keçib.
SIPRI həmçinin öz hesabatında yazır ki, Azərbaycan son illər davamlı olaraq Rusiyadan silah alan ölkələr sırasında yer alıb. "Bakı ortalama olaraq Rusiyada istehsal olunmuş silah və hərbi texnikaların 4%-ni əldə edir"-deyə sözügedən hesabatda bildirilir.
Beləliklə, erməni nazirlərin və hərb adamlarının mövcud bəyanat və açıqlamaları bilavasitə havaya boş ifadələr buraxmaqdan başqa özüdnə başqa heç bir əhəmiyyətli məqamları ehtiva etmir. Yəni onların iddialarından fərqli olaraq, faktlar tamamilə başqa məsələlərdən xəbər verməkdədir. Bu faktlar isə Azərbaycan Silahlı Qüvvələrinin hərbi-strateji potensialının aşkar göstəricilərinə, eləcə də Qarabağ cəbhəsində, o cümlədən, işğalçı Ermənistanla sərhəd bölgələrdə son zamanlar əldə etdiyi qətiyyətli qələbələrinə əsaslanır. Bu qələbələrin isə davamlı xarakter alacağına kimsə şübhə etməməlidir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB