YAP GB "Xocalı Soyqırımı" ilə bağlı tədbir keçirib YENİLƏNİB

YAP GB "Xocalı Soyqırımı" ilə bağlı tədbir keçirib YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Zirə Mədəniyyət Mərkəzində "Xocalı Soyqırımı"na həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə YAP GB-nın sədri Seymur Orucov, Milli Məclisin deputatları Rauf Əliyev, Flora Qasımova, Aydın Hüseynov, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev, YAP-ın rayon təşkilatlarının sədrləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə YAP GB-nın sədri Seymur Orucov açıb. Vurğulanıb ki, Azərbaycan gəncliyi olaraq Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq: "Gənclərimiz sosial şəbəkələr vasitəsilə soyqırımı haqda məlumatları yayırlar. Yeni Azərbaycan Partiyasının gəncləri də Azərbaycanın aparıcı qüvvəsi hesab olunur. Gənclər gələcəkdə də daha ardıcıl istiqamətdə, yeni ideyalarla çıxışlar edəcəklər. Biz də bu işdə həmişə aktiv olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik. Bu tədbir son deyil. Belə ki, YAP rayon təşkilatlarının gənclər birlikləri Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirəcəklər".

Sonra "Xocalı Soyqırımı" haqqında çəkilmiş video-filmin təqdimatı olub.

Daha sonra millət vəkili Rauf Əliyev də ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasətindən, o cümlədən, bəşəriyyətə və insanlığa qarşı olan Xocalı soyqırımının dəhşətlərindən bəhs edib. Natiq erməni vandalizminin əsil mahiyyəti barədə dünya birliyinə yetərincə məlumatların çatdırılmasının vacibliyini söyləyib. Qeyd edib ki, istintaq materiallarına, eləcə də, faciənin şahidlərinin və Ermənistandan əsirlikdən qayıdan mülkü və hərbi şəxslərin fikirlərinə, həmçinin, dünya KİV-lərində yer alan materiallara istinadən, demək olar ki, Xocalı qətliamını kimlər həyata keçirib. O şəxslər Ermənistanın hakimiyyətində ən yüksək vəzifələrdə təmsil olunanlardır. Hesab edirəm ki, onlar beynəlxalq məhkəməyə verilərək, törətdikləri cinayətin cəzasını almalıdırlar".

Millət vəkili Flora Qasımova isə deyib ki, ermənilərin siyasətinin kökündə tarix boyu həyata keçirmək istədikləri məqsədlər dayanırdı: "Məlum olduğu kimi, "Böyük Ermənistan" xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. Xalqımız erməni cəlladlarının Xocalıda törətdikləri soyqırımını hər il geniş miqyasda - həm ölkə daxilində, həm də xaricdə ürəkağrısı ilə qeyd edir. Dövlətimiz, diaspor təşkilatlarımız Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylə çalışır".

Deputat Aydın Hüseynov da qeyd edib ki, ölkəmizin erməni təcavüzünə məruz qalması, bundan əlavə, digər qonşu dövlətlərlə və xarici dövlətlərlə əlaqələrinin tamamilə kəsilməsi Azərbaycanın mövcudluğu üçün böyük təhlükə yaratmışdı: "Bütün bunların davamında isə xalq öz xilas yolunu məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev tərəfindən Milli Məclisdə Xocalı soyqırımına siyasi qiymət verilməsi Xocalı soyqırımının insanlığa yönəlmiş bir cinayət olması ilə bağlı konkret mövqe bildirildi".

"SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev ilk öncə müğənni Bahar Lətifqızının ifasında təqdimatı olan "Xocalı Soyqırımı" musiqili kompazisiyası haqqında fikirlərini bildirib. Media Qrupun rəhbəri bildirib ki, bu musiqili kompazisiya yaradıclıq əsəridir: "Hər kəs buna baxanda qəlbində bir anlıq ağrı hiss etdi. Mən bu kompazisiyanı ərsəyə gətirən bütün yaradıcı heyətə öz təşəkkürümü bildirirəm. Bahar Lətifqızına xüsusi minnətdarlıq bildirirəm ki, bu kompazisiya ilə sanki gözlərimiz önündə Xocalı faciəsini bir daha canlandırdı".

Bəhruz Quliyev diqqətə çatdırıb ki, tarixi yaşadan amillərdən biri də məhz mətbuatdır: "Bizlərin üzərində çox ağır bir yük var. 1990-cı illərin əvvəllərində necə ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğa olunmuşdu, eyni zamanda informasiya məkanımıza da təcavüz olunmuşdu, Azərbaycan informasiya blokadasına salınmışdı. Yəni informasiyanın dünyaya çatdırılmasında biz Ermənistandan geri qalırdıq. Ermənistanın təbliğat maşını bizdən güclü işləyirdi. Amma bu gün vəziyyət dəyişib, aparılan məqsədyönlü siyasət nəticəsində artıq informasiya, təbliğat baxımından düşmənlərimizi üstələmişik. İnanıram ki, torpaqlarımızın işğaldan tam şəkildə azad olunacağı gün uzaqda deyil. Hətta belə bir deyim də var, tarix unudulmasa heç vaxt təkrarlanmaz. Ona görə də tarixi unutmamaq üçün onu yaşatmaq lazımdır".

Sonra YAP-ın rayon təşkilatlarının sədrləri və müğənni Bahar Lətifqızı çıxış edərək hər biri Xocalını Azərbaycan xalqının qan yaddaşı olduğunu vurğulayaraq bildirdilər ki, dövlətimiz tərəfindən Xocalı faciəsinin tanıdılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir və qısa zamanda bütün dünya Xocalını soyqırımı kimi tanıyacaq.

Tədbirə Xocalı haqqında şerin səsləndirilməsi ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə