Politoloq: “Ermənistanın qonşuları ilə münasibətləri yoxdur, blokadadadır” AÇIQLAMA
"ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Ermənistanda korrupsiyanın milli təhlükəsizliyə təhlükə yaradan səviyyədə olduğunu bildirib". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, korrupsiyanın mənbəyi kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasını göstərdi: "R.Millzin izahına görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmədiyinə görə Ermənistanın qonşuları ilə münasibətləri yoxdur, blokadadadır. Buna görə iqtisadiyyatı inkişaf etmir. İqtisadiyyatın inkişaf etməməsi korrupsiyanı stimullaşdırır. Bu səbəbdən iri kompaniyalar bazara olan öz təsirlərindən sui-istifadə edir və rəqabəti öldürür.
R.Millzin digər fikrinə görə "Sasna srer" hadisələri də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasının nəticəsidir.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi ilə bağlı R.Millzin bu fikirləri həm yeni yanaşmadır, həm də onun siyasi iradəsidir. R.Millz B.Obama tərəfindən Ermənistana səfir təyin edildi. Amma artıq bəllidir ki, o Trampın da dövründə ən azı bir ildən çox səfir kimi fəaliyyətini davam etdirəcəkdir. B.Obamanın da dövründə R.Millz Ermənistanda korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. Lakin bir müddət sonra S.Sərkisyan hakimiyyəti onu susdura bildi. R.Millz antikorrupsiya fəaliyyətini xeyli zəiflətdi. İndi yenidən R.Millz antikorrupsiya fəaliyyətini yeni məzmunda və qətiyyətli şəkildə ortalığa qoyursa, demək o Tramp administrasiyasının Cənubi Qafqaz siyasətinin necə olacağına müəyyən qədər bələdçiliyi var. Obamanın dövründə ABŞ-ın Cənubi Qafqaz siyasəti iflasa uğradı. Bunun isə səbəbi Obama administrasiyasının və o dövrdə Dövlət Departamentinin Cənubi Qafqazda ermənimərkəz siyasət aparması idi və bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsinin təmzimlənməsinə lazımı qədər diqqət vermirdi. ABŞ Dövlət Katibi C.Kerrinin və ondan əvvəlki dövlət katibi H.Klintonun Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlərin təhlili bu nəticəyə gəlməyə əsas verir.
R.Millz indi sanki xəbər verir ki, D.Trampın Cənubi Qafqaz siyasəti fərqli olacaq və Cənubi Qafqaz regionunda ABŞ-ın mövqeyi güclənəcək.
R.Millz də indidən təşəbbüsü öz üzərinə götürür və Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın ciddi addımlar atmasına nail olmaq istəyir. Bununla da Ermənistan ciddi iqtisadi inkişaf yoluna qədəm qoysun. Dağlıq Qarabağ münaqişəsini tənzimləmiş və iqtisadi marağı oyanmış Ermənistan regional iqtisadi layihələrdə iştirak edə bilər.
Ümid edək ki, R.Millz sonadək qətiyyətli olacaq və onun bu siyasəti D.Trampın administrasiyası tərəfindən də dəstəklənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB