BMT-nin Baş katibi: Gənclər bu problemlərin həllində öz rolunu oynaya bilər

BMT-nin Baş katibi: Gənclər bu problemlərin həllində öz rolunu oynaya bilər

BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqə səfəri zamanı Qahirə Universitetində çıxış edib. O, müasir dünyanın əsas problemlərinə toxunaraq vurğulayıb ki, gənclər bu problemlərin həllində öz rolunu oynaya bilər və bunu etməlidirlər. Baş katibin sözlərinə görə, yeni nəsil daha açıqdır, ona kosmopolitizm və beynəlmiləlçilik xasdır. Eyni zamanda, özünü təsdiq etmək imkanından məhrum olan gənclər asanlıqla ekstremistlərin qurbanına çevrilirlər.

BMT-nin Xəbərlər Mərkəzi xəbər verir ki, Antonio Quterreş bir çox ölkələrdə ticarətin inkişafına, yoxsulluğun azalmasına və rifahın yüksəlməsinə gətirib çıxaran qloballaşmanın və texnoloji tərəqqinin böyük üstünlüklərə malik olduğunu etiraf edib. Bununla yanaşı, qeyri-bərabərlik sürətlə artır. BMT-nin başçısı xatırladıb ki, dünyanın ən varlı 8 adamının əlində bəşəriyyətin ən yoxsul hissəsinin gəlirlərinə bərabər sərvət cəmləşib. Təəccüblü deyildir ki, bir çoxları özlərini binəsib hesab edir və bunun günahını qloballaşmada, azad ticarətdə və texnoloji tərəqqinin bəzi aspektlərində görürlər.

BMT-nin Baş katibi deyib: "Cavan oğlan və qızın universiteti bitirəndən sonra iş tapa bilməməsindən, ümidsizliyə qapılmasından və özü üçün heç bir perspektiv görməməsindən pis nə ola bilər. Öz ideologiyalarını təbliğ etmək məqsədi ilə müxtəlif ekstremist təşkilatların onların ümidsizliyindən və qəzəbindən faydalanmaları çox asandır. Məhz özünün gələcəyini görə bilməyən gənclərin ümidlərinin boşa çıxması dünyanın təhlükəsizliyini təhdid edən əsas mənbələrdən birinə çevrilir. Odur ki, hökumətlər iqtisadi strategiyalar qəbul edəndə, beynəlxalq birlik əməkdaşlıq mexanizmləri işləyib hazırlayanda, ilk növbədə gənclər arasında işsizlik və onların lazımi vərdişlərə yiyələnməsi məsələləri nəzərə alınmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə