"Referendumun heç bir hüquqi əsası yoxdur" EKSPERT RƏYLƏRİ

"Referendumun heç bir hüquqi əsası yoxdur" EKSPERT RƏYLƏRİ

Məlum olduğu kimi, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq qondarma rejimin "konstitusiyasında" dəyişiklik həyata keçirmək üçün referendum keçirməyi planlaşdırır. Bununla işğalçı Ermənistan sülh danışıqlarını pozmağa, status-kvonu saxlamağa cəhd göstərir. Söhbət etdiyimiz müsahiblərimiz separatçı rejimin planlaşdırdığı referendumun təxribatdan başqa bir şey olmadığını bildirdilər.

Millət vəkili Rövşən Rzayev:

- Tam qanunsuz bir hərəkətdir. Yəni Ermənistanın qondarma rejimin "konstitusiyasında" dəyişiklik həyata keçirmək adı altında referendum keçirməsinin heç bir hüququ əsası yoxdur. Bu təxribat yönümlü addımdır. Özlərini beynəlxalq aləmdə bir qurum kimi göstərmək istəyirlər və "konstitusiyalarının" mövcud olduğunu bildirməyə cəhd edirlər. Bununla Ermənistan dünyaya həm də, yalançı siyasət sırımağa çalışır. Ona görə də, buna diqqət yetirməyə də dəyməz. Çünki bu cür təxribatları Ermənistan rəhbərliyi tərəfindən tez-tez görürük. Bir sözlə, bu referendum əhəmiyyətsiz bir referendumdur. Dünyanın heç bir ölkəsi bunu qəbul etmir və etməyəcək.

Ermənistanın işğalçılıq siyasətinə güclü dövlətlərin göz yuması ikili standartların mövcud olduğu deməkdir. ATƏT-in Minsk qrupuna üzv dövlətlərin bu məsələyə biganə qalmaqları deməkdir. Yəni, həmsədr dövlətlərin siyasətinə həmin dövlətlərdə yaşayan erməni lobbisinin təsiri deməkdir. Amma həmin dövlətlər düşünməlidirlər ki, Azərbaycanla Ermənistan arasında olan bu problem bir anın içərsində böyük bir müharibəyə çevrilə bilər. Yəni Cənubi Qafqazda gözlənilməyən bir dəhşət baş verə bilər. Onun qarşısını almaqdan ötəri də ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri düşünməlidirlər ki, bu cür problemin qarşısını almaqdan ötəri yeganə yol dövlətlərarası münasibətlərin tənzimləyən beynəlxalq hüquq prinsiplərinə riayət etməkləri vacibdir.

Millət vəkili Eldəniz Səlimov:

- Azərbaycan Respublikasının əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağda başqa bir qurumun referendum keçirməsi Beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər həm də Beynəlxalq hüquqa "yenilik" gətirmək kimi başa düşülür. Azərbaycan dövləti Ermənistanın qanuna zidd hərəkətlərinə beynəlxalq hüquq normalarına uyğun olaraq adekvat tədbirlər görür, bəyanatlar verir və digər formada öz etirazını bildirir. Dünyanın aparıcı dövlətləri hələ ki, ikili standartlarla fəaliyyətlərini davam etdirdiklərinə görə Ermənistanın qanunsuz hərəkətlərinə göz yumaraq hətta onu müdafiə edirlər. Ermənistan Azərbaycan dövlətinə qarşı cinayət törətmiş Aleksandr Lapşinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycana gətirilməsini və Azərbaycan qanunlarına uyğun mühakimə olunmasını unutmasın.

Politoloq Cümşüd Nuriyev:

- Qondarma qurumu heç Ermənistanın özü belə tanımayıb. Yəni qondarma Dağlıq Qarabağ rejimində "konstitusiya"da dəyişiklik həyata keçirmək üçün referendumun elə bir hüququ gücü olmayacaq. Digər tərəfdən Ermənistanın özü də parlament seçkilərinə hazırlaşır və həmin seçkilərdə Sarkisyan Dağlıq Qarabağ ermənisi olduğuna görə, bir növ yenidən Qarabağ müstəvisində hansısa siyasi xallar əldə etmək istəyir. Bu məsələ buna hesablanıb. O cümlədən də, bunlar Azərbaycanın daxilində guya bununla nəyi isə və hansısa narazılıq dalğasının yaranmasını fikirləşirlər. Ümumiyyətlə, birinci dəfə deyil ki, qondarma Dağlıq Qarabağda bu tip qeyri-hüquqi addımlar atılır. İşğalçı ölkə olan Ermənistanın bu cür hərəkətlərə əl atması bir daha onların savadsızlığından xəbər verir. Çünki beynəlxalq hüququn hər hansı bir prinsipində tanınmayan qondarma bir qurumun keçirdiyi və yaxud da ki, keçirmək istədiyi istənilən seçki, referendum heç bir hüquqi gücü yoxdur. Əgər bunu başa düşə-düşə buna gedirlərsə deməli ermənilər və onların başbilənləri bədbəxt adamlardır. Ümumiyyətlə, bütün dünya bilir ki, Ermənistan işğalçı bir ölkədir və Azərbaycan torpaqlarını işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı olan məsələlərə baxılmalıdır. Çünki işğalçı ölkə olan Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı olaraq, BMT Təhlükəsizlik Şurası 4 qətnaməsi var ki, həmin qətnamələr hələ də bu günə kimi icra olunmayıb. Ermənistanın rəhbəri Serj Sarkisyan BMT-nin hüquq normalarını pozduğuna görə, məsuliyyətə cəlb olunmalı, Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.

Siyasi şərhçi Azər Həsrət:

- Ermənistanın bu əməli illərdir davam edən işğal siyasətinin tərkib hissəsidir. Bunun adını referendum qoyublar. Amma bəllidir ki, hansısa referendumdan söhbət gedə bilməz. Birincisi ona görə ki, bu torpaqlar Azərbaycanın BMT tərəfindən tanınan əraziləridir. İkincisi isə orada heç bir legitim hakimiyyət yoxdur ki, referendum keçirilə. Bu isə o deməkdir ki, Ermənistanın dünyaya referendum kimi sırımaq istədiyi akt sadəcə fiksiyadır. Bunlar düşünür ki, bu yolla işğal altındakı torpaqlarda qurduqları oyuncaq rejimi təbliğ edəcəklər. Amma alınan deyil. Çünki manipulyasiya mümkün olsa da dünyanı aldatmaq mümkün olan deyil.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə