Bu gün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. SİA-nın verdiyi məlumata görə, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb.
Arzu Rəhimov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 5 il ərzində əsaslı tədbirlər görülüb. Səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib. Ötən müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. Xidmətin yaradılmasından ötən 5 il ərzində qarşıda duran vəzifələrin daha mütəşəkkil yerinə yetirilməsi və işin səviyyəsinin yüksəldilməsi məqsədilə bütün istiqamətlər üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində bir sıra tədbirlər görülüb.
Arzu Rəhimov bildirib ki, səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə il ərzində Xidmətin yerli idarə, şöbə və bölmələrində də tədbirlər davam etdirilib. Görülən işlərin nəticəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib.
Qeyd edilib ki, Xidmət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflərin müsbət cavablandırılması qurumun fəaliyyətinə əlavə stimul verib.
Tədbirə yekun vuran A.Rəhimov əminliklə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaq, Prezident İlham Əliyevin Xidmət qarşısında qoyduğu vəzifələrin öhdəsindən gələcək, yeni nailiyyətlərin qazanılmasında var qüvvəsini əsirgəməyəcək.
Daha sonra mərasimdə iştirak qeyri-hökumət təşkilatlarının rəhbərləri təbriklərini çatdırıb, Xidmətin 5 il ərzində gördüyü işləri yüksək qiymətləndiriblər.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırılıb.
Qeyd edək ki, tədbirdən öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB