XİN Naxçıvan İdarəsinin əməkdaşları Brüsselə səfər edib

XİN Naxçıvan İdarəsinin əməkdaşları Brüsselə səfər edib

"ADA" Universiteti nəzdində fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xarici İşlər Nazirliyi Naxçıvan MR İdarəsinin bir qrup əməkdaşı Brüsselə səfər edib. SİA-ya "ADA" Universitetindən verilən məlumata görə, səfər zamanı gənc diplomatlar Avropa Parlamentində görüşlər keçirib, Aİ xarici siyasətlə məşğul olan təsisatları ilə tanış olub, Aİ -Azərbaycan münasibətətləri mövzusunda bir sıra Avropa siaysətçiləri ilə fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Avropa ölkələri xarici siyasətində Brüsselin rolu, lobbi fəaliyyəti, media ilə münasibətlər də səfər zamanı diqqətdə olub. XİN Naxçıvan MR İdarəsinin əməkdaşları Azərbaycanın Aİ yanında nümayəndəliyinin başçısı səfir Fuad İsgəndərovla görüşdə ölkəmizin milli maraqlarının Brüsseldə beynəlxalq gündəmə çıxarılması, Avropa İttifaqı ilə gündəlik təmasların necə qurulması barədə məlumatlar əldə ediblər. Onlar, həmçinin Avropa Parlamentində Aİ-nin Gürcüstanla viza rejiminin liberallaşdırılması ilə bağlı keçirilən debatları müşahidə ediblər.

Səfər "ADA" Universitetinin XİN əməkdaşlarına verdiyi ixtisasartırma təliminin bir hissəsi idi. Ötən ildən başlayaraq Universitet XİN Naxçıvan MR İdarəsinin heyətinə siyasi, iqtisadi, mədəni, ictimai diplomatiya, kommunikasiya bacarıqları, diplomatik yazı və protokol qaydalarını əhatə edən silsilə təlimləri həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə