Prezident: "Azərbaycanda çox gözəl gənc nəsil yetişir”

Prezident: "Azərbaycanda çox gözəl gənc nəsil yetişir”

"Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir. Çünki bu, həm bu gün üçün, həm də gələcək üçün lazımdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda maestro Niyazinin abidəsinin açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır: "Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu, çox əlamətdar hadisədir. Bu, sadəcə olaraq bir musiqi müsabiqəsi deyil. Muğam müsabiqələri bizim milli musiqimizi yaşadan tədbirlərdir. Bu tədbirlərin çox böyük əhəmiyyəti var. Müxtəlif bölgələrdə muğam evlərinin yaradılması, musiqi məktəblərinin tikilməsi bu istiqamətdə atılan düzgün addımlardır. Mən son illər ərzində bölgələrdə dəfələrlə musiqi məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin, muğam mərkəzlərinin açılışlarında olmuşam və bütün bu binalar, orada yaradılmış şərait əlbəttə ki, bizi sevindirir və bir daha bizim niyyətimizi göstərir. Bugünkü mərasim, yəni, böyük sənətkar Niyaziyə ucaldılmış bu abidənin açılışı bax, bu sıradan olan addımlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə