Ramil Məmmədli: “Aprel döyüşləri münaqişənin həllinə böyük təkan verdi” AÇIQLAMA

Ramil Məmmədli: “Aprel döyüşləri münaqişənin həllinə böyük təkan verdi” AÇIQLAMA

"Aprel döyüşləri zamanı Azərbaycan Ermənistana və bütün dünyaya bir daha göstərdi ki, əzəli torpaqlarının işğalı ilə barışmayacaq. Ölkəmiz sülh danışıqlarına sadiqdir, amma problem öz həllini yalnız beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü qorunmaqla tapmalıdır. Daha dəqiq deyək: biz sülh istəyirik, lakin bizim qələbəmizlə". Bunu SİA-ya açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, aprel döyüşlərindən sonra münaqişənin həllində vasitəçilik edən ölkələr, o cümlədən dünyanın iri dövlətlərinin Azərbaycana olan münasibətinə dəyişikliyin olduğunu hiss etməmək mümkün deyil: "2016-cı ilin aprel ayına qədər Azərbaycanın xəbərdarlıqlarına ötəri yanaşan ölkələr bu gün qoşunların qarşıdurma xəttində azacıq hərəkətlənməyə narahatlıqla yanaşır, əməliyyatların başlanmasından ehtiyatlanırlar. Təəssüf ki, onların bu ehtiyatlanmağı işğalçı Ermənistanı bizim zərbələrdən qorumaq məqsədi daşıyır. Dünya gördü ki, qısa müddət ərzində Ermənistanın əsas qüvvələri məhv edildi və gələcək əməliyyatların taleyini həll edəcək mövqelər geri qaytarıldı. Hətta düşmən tərəfin yüksək rütbəli zabitləri belə Azərbaycan Ordusunun qalib gəldiyini etiraf etmək məcburiyyətində qaldılar. Nəticə o oldu ki, Azərbaycan Ordusu qarşısına qoyulan döyüş tapşırığını yerinə yetirdi və sürətli hücum əməliyyatını uğurla başa vurdu.

Hərbi-siyasi icmalçı deyib ki, aprel döyüşlərinin beynəlxalq arenada dəyərləndirilməsinə gəlincə, birmənalı söyləmək olar ki, dövlətin diplomatiya sahəsində buna qədər həyata keçirdiyi uğurlu tədbirlər öz bəhrəsini verdi: "Həmin tarixlərdə dünyanın bütün ölkələri, Rusiya istisna olmaqla Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bununla da dolayısı ilə Qarabağın azad edilməsi üçün atacağımız addımlara haqq qazandırdılar. Burada mövcud geosiyasi vəziyyət də Azərbaycanın xeyrinə öz müsbət rolunu oynadı. Hesab edirəm ki, aprel döyüşləri münaqişənin həllinə böyük təkan verdi və biz bunun şahidi olacağıq. Bunun üçün də düşmənə cəbhədə təzyiqi artırmalıyıq. Əlbəttə, cəbhə xəttində ordumuzun qazandığı uğurun əsas səbəbi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən ordu quruculuğudur. Azərbaycan Ordusu son illər ən müasir silah və texnika ilə təchiz edilir, müxtəlif qoşun növlərinə məxsus hərbi hissələrdə döyüş hazırlığı tədbirləri həyata keçirilir, bölmələrimiz məşğələ və təlimlərdə döyüş bacarıqlarını yüksəldir.

Aprel döyüşlər göstərdi ki, Silahlı Qüvvələrimiz xalqımızın və ölkə rəhbərliyinin etimadını yüksək səviyyədə doğrultmağa qadirdir. Ali Baş Komandanın tapşırığı ilə qısa müddətdə orduda aparılan islahatlar, quruculuq işləri, keçirilən çoxsaylı təlimlər müsbət bəhrəsini verib.

Ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinin inkişaf dövrünü bir neçə mərhələyə bölmək olar: Ordumuzun davam edən İlham Əliyev dövrü ordu quruculuğu ilə bağlı həyata keçirdiyi islahatlar, əldə etdiyimiz qələbə ilə yaddaşlara yazılacaq.

Hesab edirəm ki, ordumuzun İlham Əliyev dövrü Silahlı Qüvvələrin modernləşməsi, müasir ordular sırasına çıxması baxımından çox mühüm dövrüdür. Aprel döyüşlərinin timsalında biz İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbələrini dadmağa başlamışıq".

R.Məmmədli əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncamından irəli gələn işlər də Ali Baş Komandanın rəhbərliyi altında əldə olunan bu uğurun davamıdır. 2016-cı ilin aprel ayında həyata keçirilən əks-həmlə əməliyyatı zamanı ordumuz tərəfindən geri qaytarılan mövqelərimiz imkan verdi ki, Cəbrayıl rayonunun bizdə olan Cocuq Mərcanlı kəndində vətəndaşların rahat yaşamasına imkan yaransın. Bu mənada Azərbaycan Prezidentinin məlum Sərəncamı qalib olaraq qayıdışın başlanğıcı kimi dəyərləndirilməlidir. İşğaldan azad olunacaq bütün məntəqələrimiz bu şəkildə yenidən qurulacaq və əsl sahiblərinin istifadəsinə veriləcək. Sərəncamdan irəli gələn işlər təmas xəttində yaşayış məntəqələrimizin böyüməsinə - inkişafına da təkan verəcək.

Ümumiyyətlə Prezident İlham Əliyev cəbhəboyu bölgədə yaşayan vətəndaşlarımızın sosial vəziyyəti ilə xüsusi maraqlanır və tez-tez həmin qəsəbələrə səfər edir. Bu yaxınlarda da Füzuli rayonuna səfər edən dövlət başçısı bu rayonun inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaiti ayırdı. Həmçinin, aprel ayında baş verən toqquşmalarda ermənilərin atdığı artilleriya zərbələrindən zədələnən evlər və tikililər yenidən təmir olunaraq sakinlərin istifadəsinə verildi. Bu proses daim davam edir. Bu həm də psixoloji savaşın tərkib hissəsidir. Erməni cəmiyyəti də Azərbaycanda baş verən bu prosesləri görür və onlarda yaranan daxili narahatlıq, Ermənistan hakimiyyətinə qarşı etiraz dalğasına çevrilir".

Bütün xəbərlər Facebook səhifəmizdə