"Fransa Konstitusiya Məhkəməsinin qondarma "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv etməsi ilk növbədə baş verən proseslər fonunda Avropanın Türkiyəyə münasibətini dəyişdirmək məcburiyyətində qalmasından xəbər verir". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, bir tərəfdən daha çox daxili auditoriyaya hesablanmış siyasət izləyəcəyini, eləcə də Rusiya ilə münasibətləri daha isti məcraya salmağı düşünən ABŞ prezidentinin məlum açıqlamaları, digər tərəfdən də Avropa ilə münasibətləri son dərəcə kəskinləşən Türkiyənin Rusiya ilə münasibətlərinin normallaşması, hətta bir çox prinsipial məqamlarda ortaq məxrəcə gəlmək cəhdlərinin edilməsi müşahidə olunur: "Bütün bunlar təbii ki, Avropanı bəzi qərarlarından vaz keçmək məcburiyyətində qoyacaq. Görüdüyü kimi, ilk addımlar elə qoca qitənin iki lider ölkəsindən gəldi: paytaxtında PKK-ya siyasi çadır qurmağa icazə verən və hətta onu polisi ilə mühafizə edən Almaniya, 3 gün əvvəl, 2013-cü ildən bu terror təşkilatının Almaniyadakı fəaliyyətinə rəhbərlik edən liderlərini həbs edir. Bu həbsdən bir gün sonra, Fransa Konstitusiya Məhkəməsi "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv edir. Təbii ki, Avropanın Türkiyəyə ünvanlanmış bu tip referansları davam edəcək. Məqsəd, ən azından Rusiya ilə münasibətlərini normallaşdırmaq üçün Türkiyədən bir vasitəçi kimi yararlanmaqdan tutmuş, Yaxın Şərq siyasətində daha aktiv və hazırda qalib tərəf kimi görünən Əsəd-İran-Rusiya üçlüyünə qarşı müəyyən bir avantajlar əldə edə bilməyə qədər geniş spektri əhatə edir. Bütün bu məqamlarda Türkiyə qoca qitə üçün yeganə, alternativsiz ünvandır".
Türkiyənin bu atılan addımlarla kifayətlənərək, ondan gözlənilənləri edəcəyinə gəlincə, ekspert deyib ki, bu, bir qədər mübahisəlidir: "Türkiyənin Avropadan gözləntiləri bəllidir: Terror məsələsində ikili yanaşmaya son qoyulması, Avropa Birliyinə üzvlük məsələsində obyektiv yanaşma, viza problemlərinin həlli, NATO ölkəsi olaraq Yaxın Şərq siyasətində dəstək. Hər halda indiki dönəmdə, Avropanın sadalanan məsələlərin hamısında və tam olmasa da, müəyyən qədər yumuşalmalara və güzəştlərə gedəcəyini düşünmək olar. Təbii ki, Türkiyənin Avropaya münasibətdə qarşılıqlı olaraq hansı addımlar atacağı da indi çox maraqlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB