"Cocuq Mərcanlıya qayıdış hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb" MÜNASİBƏT

"Cocuq Mərcanlıya qayıdış hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb" MÜNASİBƏT

"Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı nəinki hazırda bərpasına başlanılan Cocuq Mərcanlı kəndinin sakinlərində, hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb". Bunu SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Sərəncamın ermənilərə siyasi mesaj olduğunu deyən C. Xəlilov qeyd edib ki, bununla Azərbaycan işğal altında olan torpaqlarını heç zaman güzəştə getməyəcəyini bir daha sübut etmiş oldu: "Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir. Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgərinin işğaldan azad etdiyi strateji yüksəkliklər cəbhə xəttində ordumuza üstünlük qazandırmaqla yanaşı, bir neçə istiqamətdə yaşayış məntəqələrimizi düşmənin aramsız atəş zərbələrindən qurtardı. Hazırda bu strateji yüksəkliklərin ordumuzun nəzarətində olması həmin ərazilərdəki yaşayış məntəqələrinin yenidən bərpasına, məcburi köçkün həyatı yaşayan insanlarımızın öz doğma torpağına qayıdaraq məskunlaşmasına imkan verib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi belə yaşayış məntəqələrindəndir. Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə ermənilər tərəfindən dağıdılmış kəndin sakinləri buranı tərk etmək məcburiyyətində qalmışdı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprel döyüşləri zamanı əldə etdikləri qələbədən sonra tarixən kənddə məskunlaşmış dinc əhalinin öz doğma kəndlərinə qayıtmaları üçün lazımi şərait yarandı. Azərbaycanın tam nəzarətinə keçmiş həmin ərazilərdə təhlükəsizliyin təmin olunması əsaslı yenidənqurma işlərinin başlanmasına imkan yaratdı".

"Məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları sevindirici və qürurverici hadisədir. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial-maddi durumunun yaxşılaşdırılması ilə bağlı çoxlu sərəncamlar verib, onların problemlərini daim diqqət mərkəzində saxlayır. Sonuncu Sərəncam bütün Azərbaycan xalqını, eləcə də biz veteranları sevindirdi. Bu, tarixi torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığını bir daha göstərdi"- deyə, ehtiyatda olan polkovnik əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə