“Həbib Müntəzir cinayət məsuliyyətinə cəlb edilməlidir” Hərbi ekspert

“Həbib Müntəzir cinayət məsuliyyətinə cəlb edilməlidir” Hərbi ekspert

"Təəssüf ki, bu gün Həbib Müntəzir kimiləri sosial şəbəkələrdə dövlətimizin, ordumuzun mənafeyinə zidd məlumatlar yayır. Sağ əsgərin şəhid olması xəbərinin yayılması isə birbaşa təxribatdır". Bunu SİA- ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. O bildirib ki, bəzən guya əsəgərin cəbhə xəttində həlak olması, yaxud yaralanması barədə yalan məlumatın verilməsi yüzlərlə, minlərlə valideynin böyük sarsıntı keçirməsi deməkdir: "Həmin valideynlər arasında müxtəlif xəstəliklərdən əziyyət çəkənlər var. Təsəvvür edin ki, hansısa valideynə bu cür məlumat verilir. Onda ata-ana hansı hissi keçirər?! Ordunun nüfuzdan salınmasına yönələn belə çirkin əməllər xidmət prosesinə də təsir göstərir.Ordu xalqın, dövlətin, bir sözlə, hamımızın ordusudur. Əgər qüsurlar varsa, bununla bağlı aidiyyatı üzrə müraciət etmək lazımdır, yoxsa sosial şəbəkələrdə müxtəlif vasitələrlə zabitləri, komandirləri nüfuzdan salmaq, böhtan, atmaq kimə xidmət edir?! Əlbəttə ki, düşmənin maraqlarına. Çünki düşmənin qarşıya qoyduğu məqsədlərdən biri də ordumuzu gözdən salmaq, zabitlərə, hərbçilərimizə qara yaxmaqdan ibarətdir. Araşdırmadan, təhlil etmədən belə faktlar yayılanda həmin insanlara böyük təsir edir. Almaniyada oturub Azərbaycan barədə bu cür böhtanlar yaymaq dövlətə, millətə xəyanət, hansısa ölkənin xüsusi xidmət orqanlarına xidmət etməkdir. Bunun başqa adı yoxdur".

E.Həsənli bildirb ki, bu məsələdə ilk növbədə ictimai qınaq olmalıdır: "Sosial şəbəkələrdəki vətəndaşlarımız Həbib Müntəzir kimiləri qınamalı, öz etirazlarını bildirməlidir. Digər tərəfdən, Azərbaycanın Cinayət Məcəlləsinə uyğun olaraq hüquq mühafizə orqanları konkret ölçü götürməlidir. Baxmayaraq ki xaricdə yaşayır, onunla bağlı cinayət işi qaldırılmalı, məsuliyyətə cəlb edilməlidir. Milli və dövlət maraqlarımıza xidmət edən məsələlərdə hər birimiz həssas olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə