“Təəssüf ki, aramızdan erməninin qulluğunda müntəzir olan həbiblər də çıxır”

“Təəssüf ki, aramızdan erməninin qulluğunda müntəzir olan həbiblər də çıxır”

"Həbib Müntəzirin kim olduğu hər kəsə bəllidir. Onun həyatda olan əsgərin guya şəhid olması və Müdafiə Nazirliyinin bunu gizlətməsi barədə yaydığı məlumatın arxasında təbii ki, təxribat dayanıb". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O bildirib ki, Almaniyada məskunlaşmış H.Müntəzir mütamadi olaraq Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayır: "Onun həm aprel döyüşlərində, həm də daha əvvəl təmas xəttində erməni təxribatları baş verən zaman hazırladığı materiallar hər kəsə bəllidir. Bu baxımdan da bu davranışda təccüblü heç nə yoxdur. Amma bu, cinayət əməlidir. Onun əvvəla yaydığı informasiya Azərbaycan Ordusu barədə yalan, böhtan xarakterlidir. Sağ olan insanın valideynlərinə psixoloji şok yaratdığı üçün bu insan cinayət məsuliyyəti daşıyır. Hesab edirəm ki, qeyd edilən məsələ ilə bağlı lazımı prosedurların hazırlanmasına ehtiyac var. Həbib Müntəzirin vşəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün konkret addımlar atılmalıdır. Bu qəbildən olan informasiyalar şübhəzis ki, Azərbaycan vətəndaşlarına hər hansı bir formada təsir göstərmir. Çünki xalqımızın vətənpərvərlik ruhu yüksək səviyyədədir, hər bir vətəndaşımız öz torpaqlarını işğaldan azad etmək üçün döyüşməyə, düşməni diz çökdürməyə hazırdır. Amma təəssüflər olsun ki, aramızdan erməninin qulluğunda müntəzir olan həbiblər də çıxır".

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi sosial şəbəkədə Həbib Müntəzirin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Əkbəri Mahmud Əli oğlunun guya şəhid olması barədə yalan xəbər yaydığını bəyan edib. Əsgərin sağ-salamat olduğunu və hazırda hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətdə olduğunu açıqlayıb.

Nazirlik bəyan edib ki, belə xəbərlər erməni tərəfi üçün təxribatlar törətməyə əlverişli zəmin yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə