“Ukraynalılar aqressiv separatizmin nə olduğunu yaxşı başa düşürlər”

“Ukraynalılar aqressiv separatizmin nə olduğunu yaxşı başa düşürlər”

"Avropa Şurası Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutur. Çünki hər şey göz önündədir və faktı hər kəs görür. Ermənistan Azərbaycanın ərazilərini, o cümlədən tarixi torpaqlarımız olan Dağlıq Qarabağı işğalda saxlamaqda davam edir. Buna görə də kiməsə rüşvət verib faktı etiraf etdirməyə Azərbaycanın ehtiyacı yoxdur". Bunu SİA-ya politoloq Qabil Hüseynli Ukraynanın xalq deputatı Vladimir Aryevin "erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim" açıqlamasına münasibət bildirərkən deyib. Politoloq əlavə edib ki, ermənilərin buna ehtiyacı var: "Ermənilər hər yola gedirlər, lobbiçilikdən, orda yaşayan vətəndaşlarının, iş adamlarının dəstəyindən geniş istifadə edirlər. Və güman edirəm ki, Ukrayna deputatlarını ələ almaq üçün də ermənilər xeyli səy göstəriblər. Ukraynalılar aqressiv separatizmin, bölücülüyün nə olduğunu yaxşı başa düşürlər. Çünki onların öz ölkələri də eyni problemlərlə baş-başa qalıb. Bu nöqteyi-nəzərdən ermənilərin bu işi etməsinə heç kəs zərrə qədər də olsun şübhə etməməlidir. Yəni Ukrayna deputatlarını ələ almaq cəhdləri olub. Bu, ermənilərin xislətidir. İş başa tutmayanda insana böhtan atırlar, qara yaxırlar, müxtəlif qarayaxma kampaniyalarına başlayırlar. Ona görə də erməni xislətinin, erməni mənəviyyatının və əxlaqının bariz nümunəsi burada da özünü göstərib".Politoloq AŞPA- da erməniləri müdafiə edən deputatların olduğuna diqqət çəkib və bildirb ki, işğalçını haqsız yerə müdafiə edənlərin erməniləri ələ aldığı şübhəsizdir: "Əgər ağa qara deyən deputat varsa, bunu nəyinsə xatirinə deyib. Biz elə düşünməyək ki, AŞPA-dakı deputatların hamısı obyektiv mövqe tutur, aydan arı, sudan durudurlar. Onların içərisində xristian təəssübkeşliyinə uğrayanı da var, bu təsirin altında ermənilərin müxtəlif hədiyyə və bəxşişlərinə uyanı da var. Şübhə etmirəm ki, ermənilər dünyanın hər yerində öz işlərini keçirərkən belə alçaq metodlardan istifadə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə