Əli Kərimlinin növbəti blefi ANALİZ

Yaxud, AXCP-“Milli Şura” cütlüyü gündəmdə qalmaq üçün uzun illərdir ki, hansı yollara əl atırlar?
Əli Kərimlinin növbəti blefi ANALİZ

Yazının mahiyyətinə varmamışdan öncə, bir amilə toxunmaq yerinə düşərdi. Demək olar ki, bütün seçkilər ərəfəsində AXCP sədri Əli Kərimli təmsil olunduğu siyasi birlik adından "kölgə kabinetlər" hazırlayaraq, guya hakimiyyətə yiyələnəcəkləri zaman orada adları qeyd olunan şəxsləri "komandaya" cəlb edəcəkmişlər. Göründüyü kimi, onların müxtəlif illərdəki bənzər arzuları puç olub. Ancaq bütün bunlara rəğmən, köhnə meydan təfəkkürü kimi, onların bu şakərləri də qalmaqda davam edir. Bu baxımdan, sözügedən amil həm də ictimai rəydə sıfır dərəcəli nüfuza sahib olan radikalların gündəmdə qalmaları üçün oynadıqları uğursuz teatr tamaşasıdır.

Yenə də "kölgə kabinet"?!

Yeri gəlmişkən, bu dəfə də eyni hal təkrarlanıb və AXCP sədri Əli Kərimlinin bilavasitə nəzarətində olan "Milli Şura" və onun müqəvva rolu oynayan sədri Cəmil Həsənli Cəmil Həsənli növbəti "kölgə kabinet" quraraq özlərinə və ətraflarındakı azsaylı elektoratlarına təsəlli verməyə çalışıblar. Bu dəfə sosial şəbəkə vasitəsilə "kölgə kabineti"nin siyahısını yayımlayan hərdəmxəyal utopiklər dəstəsi nə qədər qəribə görünsələr də bu gün düşmən kimi qənim kəsildikləri şəxslərin adlarını oraya qeyd ediblər. Guya bununla "demokratik" olduqlarını nümayiş etdirməyə çalışıblar. AXCP və "Milli Şura"nın gülünc iddialarına görə, guya 2018-ci ildə seçkilərdə ənənəvi müxalifəti təmsil edən tərəflər qalib gələcək. Siyahıda adları yer alan eks-spiker Rəsul Quliyevin, ALP lideri Lalə Şövkətin, sabiq Müsavat başqanı İsa Qəmbərin, Əli Kərimlinin, Müsavatın saxta yollarla seçilmiş başqanı Arif Hacılının, fəaliyyətinə xitam verilmiş "El" hərəkatının sədri Eldar Namazovun, "Ədalət" partiyasının sədri İlyas İsmayılovun, Əli Məsimlinin, ADR hərəkatının sədri Qubad İbadoğlunun, AXP sədri Pənah Hüseynin və sairlərin adları var. Müxtəlif vəzifələrə "təyin" olunan bu şəxslərdən isə nə qədər qəribə görünsə də heç nə soruşulmayıb.

Ssenari həmin, ucuz, qeyri-sağlam düşüncə tərzi həmin, verilən "biz gəlirik" vədləri də həmin...Həmin ki, həmin..!

İlginc məqamlardan biri də budur ki, hər seçki ilində və seçkilərdən sonra normal düşüncəli ictimaiyyət, cəmiyyət nümayəndələri, medialar sual ünvanlayırlar: İnsanlar hələ bundan sonra neçə illər boyu eyni adları adı eşidərək, onların özlərini zorla "lider" qismində təqdimatlarını müşahidə edəcəklər? Ssenari həmin, ucuz, qeyri-sağlam düşüncə tərzi həmin, verilən "biz gəlirik" vədləri də həmin...Həmin ki, həmin..!

"Like"lərin real olduğuna inansaq, bu gün Ə.Kərimlini "dəstəkləyənlərin" sayı məsələn, Avstraliya sakinləri qədər olardı

Öz fikirlərini xalqa izah etməkdə belə aciz olan Ə.Kərimlinin bənzər planlarından usanan insanlar isə artıq onu nəninki ciddi siyasətçi hesab etmirlər, hətta Kərimlinin psixiloji cəhətdən kəskin xəstəliyə düçar olduğunu da bildirirlər. Ümumiyyətlə, ötən illər ərzində yeni proqramlar ortaya qoymadan, müasir dövrün tələblərinə uyğun olan əsrarəngiz ideyalar irəli sürmədən belə iztehzadoğurucu, reallığa əsaslanmayan siyahıların yayılması bilavasitə məğlubiyyətə doğru gedən iri addımların aşkar göstəricisidir! Yəni, fakt budur ki, Ə.Kərimli son bir ayda başına gələn və heç də mənfəətinə xidmət etməyən partiyadaxili hadisələri sığorta etməkdən ötrü indi də sosial şəbəkə "lideri" rolunda belə bir oyunbazlıqlara gedir. Təki digər saxta profillərdən saxta "like"lər, "bəyənmələr" gəlsin!

Görəsən, bu günə qədər Ə.Kərimliyə yüzlərlə saxta profillər vasitəsilə minlərlə atılmış"like"lərin nəticələri harada qalıb? Çünki həmin "like"lərin real olduğna inansaq, bu gün Ə.Kərimlini "dəstəkləyənlərin" sayı məsələn, Avstraliya sakinləri qədər olardı. Amma biz bunu görmürük, uzağı bir kiçik kəndin 100-də 10-nun onun tərəfdarı olduğunu görürük. Bax, məsələ də bundadır...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə