Erməni təxribatlarının SƏBƏBLƏRİ

Erməni təxribatlarının SƏBƏBLƏRİ

"Son vaxtlar erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində reaktiv silahlardan, iriçaplı pulemyotlardan və digər silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini müntəzəm surətdə pozmasının arxasında bir sıra səbəblər dayanır". Bunu SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, baş verənləriin ilk səbəbi ötən ilin 2-5 aprel hadisələri zamanı erməni silahlı bölmələrinin cəbhə xəttində törətdikləri təxribatların qarşısının Azərbaycan Ordusunun layiqli cavab zərbəsi ilə qətiyyətlə alınmasıdır: "Belə ki, aprel hadisələrinin nəticələri Ermənistan ictimaiyyətində ruh düşkünlüyü yaratdığı üçün onlar hər vasitə ilə bunu aradan qaldırmağa cəhd edirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu məğlubiyyət sindromundan qurtulmaq, ölkə daxili siyasi-iqtisadi böhrandan diqqəti yayındırmaq üçün artıq neçə aydır ki, uğursuz təxribatlara əl atırlar".

Düşmən ölkə müxalifətinin oradakı ruh düşkünlüyündən istifadə edərək faəllaşdığını deyən C. Xəlilov söyləyib ki, cəbhə xəttindəki təxribatların ikinci səbəbi Ermənistanın xalq arasında nüfuzunu tamamilə itirmiş hərbi-siyasi rejimi müxalifətin yaranmış vəziyyətdən yararlanmasına imkan verməmək üçün cəbhə xəttində uğursuz revanş cəhdləri etməklə vəziyyətdən çıxış yolu axtarmasıdır. Düşmən ölkənin təxribatlarındakı üçüncü səbəb münaqişənin həllinin yubadılması, yaxud münaqişəyə özünə müttəfiq hesab etdiyi hansısa tərəfi, ya tərəfləri cəlb etmə səyləridir. Belə ki, Ermənistan Rusiya Federasiyası ilə əldə olunmuş sonuncu razılaşmaya və MDB Kollektiv Təhlükəsizlik Müqaviləsinə cəlb edilmiş ölkələrə ümid bəsləyir".

Ümumən hər iki ölkəyə yaxın regionda baş verən münaqişələrlə və ABŞ-da yeni administrasiyasının hakimiyyətə gəlməsi ilə əlaqədar yaranmış vəziyyətdən Ermənistan tərəfinin maksimum istifadə etməyə çalışmasının dördüncü səbəb kimi görən C. Xəlilov qeyd edib ki, belə vəziyyətlərdən həmişə maksimum yararlanmağa cəhd göstərən ermənilər özlərinin cəbhə xəttində törətdikləri təxribatların məsuliyyətini qarşı tərəfin, yəni Azərbaycanın üzərinə qoyur və dünya ictimaiyyətini çaşdırmağa çalışırlar: " Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun və bu qrupu təmsil edən həmsədr dövlətlərin fəaliyyətsizliyi nəticəsində münaqişənin həllinin yubadılmasının Ermənistan tərəfinə yaratdığı imkanlar isə təxribatların törədilməsində beçinsi səbəb kimi göstərilə bilər. Düşmən ölkə bu imkanları əldə saxlamaq üçün cəbhə xəttində daimi gərginliyin qalmasında maraqlıdır. Ancaq bunlara baxmayaraq, Azərbaycan Ordusu nəinki bütün təxribatların qarşısını layiqincə almağa və düşmənə sarsıdıcı zərbələr vurmağa, bu gün işğal altında qalan torpaqlarımızı erməni hərbi birləşmələrindən tamamilə təmizləməyə həmişə hazırdır. Ötən ilin aprel döyüşləri bunu bir daha sübuta yetirdi".

Ehtiyatda olan pokovnik əlavə edib ki, əgər mövcud münaqişənin sülh yolu ilə həlli mümkün olmasa, Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, Ali Baş Komandanın əmri ilə düşmən üzərində tam qələbə çalmağa qadirdir".

Xatırladaq ki, bu gün erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədərək Tovuz rayonu sahəsindəki mövqelərimizi "Şmel" reaktiv odsaçandan atəşə tutublar. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə