Prezident: "2016-cı il ölkəmizin tarixində iqtisadi islahatlar dövrü kimi qalacaq"

Prezident: "2016-cı il ölkəmizin tarixində iqtisadi islahatlar dövrü kimi qalacaq"

"2016-cı il ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacaq". SİA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını qeyd edib: "Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub".

Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olunub: "Bəzi neft ölkələrindən fərqli olaraq Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edildi".

Azərbaycanda görülən işlərin beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini, Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını deyən dövlətimizin başçısı böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yerinin açıldığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə