Suriya prezidentinin siyasət və informasiya üzrə xanım müşaviri Buseynə Şaban Hələbin azad olunmasını Suriyaya qarşı aparılan terror müharibəsində həlledici addım kimi qiymətləndirib.
Şaban Çexiyanın "Literarni noviny" qəzetinə müsahibəsində vurğulayıb ki, Hələb uğrunda döyüş çox çətin olub. Xanım müşavir qonşu Türkiyəni də ittiham edərək deyib ki, bu ölkənin siyasi dairələri mülayim müxalifət adı altında qanunsuz yaraqlılara silah, maliyyə və s. cəhətdən davamlı yardımlar göstərib. Şaban hətta hesab edir ki, baş verənlər "Türkiyənin Suriyaya qarşı, bütünlükdə isə Hələbə qarşı aqressiyasıdır".
"Onlar Yaxın Şərq regionu haqqında anlayışa, bilgiyə sahib deyillər"
Suriyalı siyasətçi Türkiyə ilə yanaşı, ABŞ-ın, həmçinin, Çexiya xaric olmaqla Avropa ölkələrinin terrorçulara dəstək verdiyini iddia kimi irəli sürüb. Onun sözlərinə görə, Avropanın müstəqil siyasi elitası yoxdur və avropalı siyasətçilər ABŞ-da ayrıla bilmir. Eyni zamanda Avropa siyasəti öz xalqlarının da maraqlarını qorumaqda acizdir: "Böyük Britaniya və Fransa Suriyanın legitim hakimiyyətinə qarşı digərlərindən daha çox düşmənçilik mövqeyi nümayiş etdirir. Onlar Yaxın Şərq regionu haqqında anlayışa, bilgiyə sahib deyillər".
"Qətər, Səudiyyə Ərəbistanı da terrorçulara dəstək verir, bu işdə də onları Birləşmiş Ştatlar istiqamətləndirir"
Buseynə Şaban ABŞ, Türkiyə, Böyük Britaniya, Fransa və s. Avropa ölkələri ilə yanaşı, ərəb ölkələrini də hədəfə alaraq deyib ki, Qətər, Səudiyyə Ərəbistanı da terrorçulara dəstək verir, bu işdə də onları Birləşmiş Ştatlar istiqamətləndirir.
Bəşər Əsədin müşaviri xatırladıb ki, Qərb Suriyaya qarşı real müharibə aparmağı qərara almışdı, lakin Rusiya-Çin vetosu, eləcə də suriyalıların öz ölkələrini qorumaq əzmi bu qərarın reallaşmasına imkan vermədi.
Bəşər Əsədi əvəzləyəcək namizədlər bəllidir?
Bu arada Rusiya, Türkiyə və İran arasında Suriya məsələsi üzrə ümumi razılaşma əldə olunub. İlkin razılaşmaya görə, ölkə üç müvafiq bölgəyə ayrılacaq və bu bölgələrdə hər üç ölkənin terrorçuluğa qarşı müəyyən edilmiş nəzarəti olacaq. Bəşər Əsəd hakimiyyəti isə növbəti seçkilərə qədər hakimiyyəti saxlayacaq. Yalnız seçkilər keçirildikdən sonra Suriyanın yeni dövlət başçısı müəyyən olunacaq. Artıq gələcəkdə Əsədi əvəzləyəcək bir neçə namizədin də adı bəlli olub və hələlik sirr olaraq saxlanılmaqdadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB