“Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” YENİLƏNİB-FOTOLAR
Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" mövzusunda konfrans keçirilib.
SİA-nın məlumatına görə, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov konfransda çıxış ediblər.
Konfransı giriş nitqi ilə açan Əli Əhmədov bildirib ki, Azərbaycan yeni inkişaf astanasındadır: "Azərbaycanda islahatlar konsepsiyası işlənib-hazırlanmaqdadır. Bu konsepsiyanın hazırlanması Azərbaycanın möhtəşəm inkişaf nümunələrini dünyaya təqdim edə biləcək".
Əli Əhmədov deyib ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətli və dinamik inkişaf edən iqtisadiyyatına çevrildi və illər boyu bu birinciliyin qorunub saxlanması xalqımızın qürur mənbəyidir: "Azərbaycan bununla dünyaya öz qüdrətini sübut edə bildi. Azərbaycan yeni inkişaf astanasında dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar yeni yüksəlişlərə təkan verəcək. Azərbaycanın yeni islahatlar konsepsiyası hazılanıb və bu konsepsiyanın həyata keçirilməsi Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinə qalxmasına imkan verəcək və ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi inkişafa nail olacaq".
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı diqqətə çatdırıb ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı 2 dəfə artıb: "Regionların iqtisadi inkişafında da artım müşahidə olunur: "Azərbaycanda hər 100 evdən 62-sində kompüter, 100 nəfərdən 77-nin isə internetə birbaşa çıxış imkanı var. Bu çox böyük göstəricidir. Dünyada gündə 1000-dək iş yeri bağlanır. Bir çox ölkələrdə 2008-2015 illərdə xeyli iş yerləri ixtisar olunub. Azərbaycanda işsizliyin səviyyəsi azalıb. Son illər yeni iş yerləri açılır. Yeni iş yerlərinin açılması prosesi davam edəcək. Ölkəmizdə iş yerlərinin 72 faizi regionlarda açılıb. Bu insanların gəlirlərinin dayanıqlı formalaşmasını təşkil edir".
R.Aslanlı əlavə edib ki, Azərbaycanda orta təbəqə 29 faizə çatıb: "Bu göstərici dünyayada 14 faizdir".
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov isə çıxışı zamanı vurğulayıb ki, bu günə kimi Azərbaycanda 13 milyon vətəndaş müraciətinə baxılıb: "ASAN xidmət" dövlət xidmətlərinin göstərilməsi sahəsində yenilik tətbiq edir. Azərbaycan brendi olan "ASAN xidmət" dünya miqyasında özünü təsdiq edib. "ASAN Xidmət" korrupsiya ilə mübarizə sahəsində uğurlu modeldir. Dünya ölkələri korrupsiyaya qarşı mübarizə ilə bağlı model fikirləşir. Azərbaycan artıq bu modeli tətbiq edir. Elektronlaşma dövlətin prioritet sahələrindən biridir".
İnam Kərimov qeyd edib ki, indiyədək səyyar avtobuslarla 1 milyon vətəndaşın müraciətinə baxılıb.
Agentlik sədri diqqətə çatdırıb ki, vətəndaşlara xidmət üçün "ASAN qatar" sisteminin yaradılması da nəzərdə tutulub.
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev isə sonda bildirib ki, sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərəcək icbari tibbi sığorta sisteminin maliyyələşdirmə sistemində icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşdirilməsinin başlıça mənbəyi olacaq: "İcbari tibbi sığorta həmrəylik prinsipləri əsasında fəaliyyət göstərəcək. Bu sistemdə aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad ediləcəklər. İcbari tibbi sığortanın tətbiqi üçün hazırlanan baza zərfi dövlət və sığorta təminatından ibarətdir. Zərfə 1800-dən çox müalicə, müayinə xidmətləri daxil edilib. Buraya terapevtik müalicələrin çox hissəsi daxil edilib ki, onların da xərcləri icbari tibbi sığorta sistemi tərəfindən qarşılanacaq".
Mərasimə bədii hissə ilə yekun vurulub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB