Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinə obyektiv olaraq öz qarşısına möhtəşəm hədəflər qoyaraq başlamalı olmuşdur. Bu zərurət Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin öz bəhrəsini getdikcə daha aydın şəkildə göstərməyə başlaması fonunda cəmiyyətin ondan gözləntilərindən irəli gəlirdi. İqtisadi və siyasi sabitlik təmin edilmiş, iqtisadi liberallaşdırılmanın ilk ciddi addımları atılmış, ölkə üçün əlverişli beynəlxalq mühit təmin edilmiş, neft strategiyasının iqtisadi dividentləri – böyük neft pulları isə Azərbaycana axmağa artıq hazır vəziyyətdə idi. Sözün həqiqi mənasında möhtəşəm hədəflər mərhələsi aktual məna kəsb edirdi. Azərbaycan öz tarixində, yəqin ki, ən böyük sıçrayışının astanasında dayanmışdı. Həllini gözləyən yeganə vəzifə bütün bunları dərk edərək gerçəkləşdirməyə qadir olan siyasi iradənin təmin edilməsindən ibarət idi. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov "Azərbaycan" qəzetinin 23 dekabr 2016-cı il tarixli sayında "Lider və onun ölkəsi" sərlövhəli fundamental məqaləsində qeyd edib.
YAP-ın Sədr müavini bildirib ki, on üç il sonra İlham Əliyevin seçki proqramını xatırlayıb təhlil etməli olsaq, etiraf etmək lazım gələr ki, artıq o zamandan etibarən gələcək prezident tarixin onun üzərinə qoyduğu möhtəşəm vəzifələri yerinə yetirməyə hazır idi. 2003-cü ildə çoxlarının başa düşməyə çətinlik çəkdiyi vəzifələrin İlham Əliyev tərəfindən özünün seçki proqramına daxil edilməsi deyilənin əyani təsdiqidir. Misal üçün, prezidentlik müddəti ərzində - 5 ildə 600 min yeni iş yerinin açılması, qaçqın və məcburi köçkünlərin illər boyu ağır şəraitdə yaşadığı çadır şəhərciklərinin aradan qaldırılması barədə vədlərini yada salmaq, düşünürəm, yetərlidir ki, İlham Əliyevin prezident kimi özünün qarşısında qoyduğu hədəflərin miqyası barədə aydın təsəvvür yaransın. Bu mənada onun daha bir bəyanatı da xatırlanmağa layiqdir. "Böyük işlər görmək üçün qarşımıza möhtəşəm vəzifələr qoymalıyıq" deyən Prezidentin ölkəsinin çox qısa bır zamanda dünyanın ən dinamik iqtisadiyyatına çevrilməsi, əlbəttə, tamamilə, qanunauyğundur. Ancaq bir şərtlə: səsləndirilən bəyanat onun müəllifinin intellektual, siyasi iradə, qətiyyət, idarəçilik bacarığı və xalqına ürəkdən, təmənnasız xidmət göstərmək kimi, şəxsi keyfiyyətlərinə adekvat olsun.
İlham Əliyevin prezidentlik fəaliyyəti barədə söhbət açarkən vacib bir məqam da mütləq şəkildə vurğulanmalıdır. Prezidentlik hər bir insan üçün ən böyük siyasi, idarəçilik, eyni zamanda insani sınaqdır. Etiraf etməliyəm ki, İlham Əliyevdən ötrü 2003-cü ildən başlayan prezidentlik daha ciddi, bəlkə də üçqat sınaq idi. Əvvəla ona görə ki, o, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Heydər Əliyevi – dahi siyasətçini və dövlət adamını əvəz etməli olmuşdu. İkincisi, cəmiyyətə özünün seçki platformasını ancaq bir hissəsi haqqında yuxarıda söhbət açdığımız möhtəşəm vəzifələr, yəni seçki vədləri əsasında təqdim etmişdi və xalq onların yerinə yetirilməsini səbirsizliklə gözləyirdi. Üçüncüsü isə, İlham Əliyev Azərbaycanın tarixində dövlətin xəzinəsinə daxil olan ən böyük pulları uğurla, ən səmərəli şəkildə idarə etməli idi.
Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Prezident İlham Əliyevin bütün bu sınaqlardan uğurla çıxdığına əmin olmaq üçün onun prezidentliyinin birinci müddətinin başa çatmağını gözləməyə ehtiyac qalmadı.
İlham Əliyev dövrünün böyük sıçrayışı hər şeydən əvvəl Azərbaycan iqtisadiyyatının qeyri-adi inkişafında təcəssüm edir. Bunu Azərbaycanın iqtisadi möcüzəsi də adlandıranlar var və ədalət naminə qeyd etmək lazımdır ki, belə düşünənlər heç də səhv etmirlər. Təxminən 10 il ərzində iqtisadiyyatın 3 dəfədən çox artmasına başqa ad verilməsi bəlkə də qəribə görünərdi. Sözügedən sıçrayışın iqtisadi kateqoriyalarla ölçülən digər təcəssümü qismində dövlət büdcəsinin 20 dəfəyə yaxın artımı təqdim edilə bilər.
Azərbaycanın sıçrayışının növbəti təcəssümü haqlı olaraq, yüz minlərlə yeni iş yerlərinin açılması hesab olunmağa layiqdir. Təxminən 12 il ərzində ölkədə 1,3 milyona yaxın iş yeri yaradıldı, əhalinin işlə təminatında ciddi dönüş baş verdi. Iqtisadi və sosial məna tutumu kifayət qədər yüksək olan bu möhtəşəm vəzifələrin yerinə yetirilməsi də Azərbaycan inkişaf modelinin möcüzə sayıla biləcək nəticələri sırasında layiqli yer tutur. Ölkənin əmək qabiliyyətli təxminən 5 milyonluq əhalisinin 1,3 milyonu, yəni hər dörddən biri İlham Əliyevin prezidentliyi dövründə işlə təmin olunmuşdur.
Sürətli iqtisadi inkişaf, büdcə gəlirlərinin kəskin artması, dövlətin maliyyə imkanlarının genişlənməsi ictimai istehlakın yeni modelinin formalaşması zərurətini aktuallaşdırmış oldu. Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi yenidən özünü göstərmək imkanı qazandı. Bir yandan artan maliyyə imkanları maaş və pensiyaların artımı, sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə müşaiyət olunmağa başladı. Əhalinin həyat səviyyəsi ciddi şəkildə yaxşılaşdı, istehlak artdı. Digər tərəfdən isə milli sərvətin ən səmərəli şəkildə istifadə olunması mexanizmi yaradıldı: a) neft gəlirlərinin əhəmiyyətli hissəsinin qorunması forması kimi Dövlət Neft Fondunun ölkənin iqtisadi və maliyyə sistemində rolu və əhəmiyyəti daha da artırıldı; b) genişmiqyaslı infrastruktur layihələri ilə bir yandan milli gəlirin yenidən bölünməsinin müasir və kifayət qədər səmərəli forması tətbiq edildi. Digər yandan isə ölkədə infrastrukturun köklü surətdə yeniləşməsi və modernləşməsi strategiyasına start verildi.
Müasir qlobal problemlər sırasında ilk pillələrdə dayanan yoxsulluğun aradan qaldırılması sahəsində əldə olunan nailiyyətlər böyük sıçrayışın təcəssümlərindən biri kimi tarixi əhəmiyyətə malikdir desək, yəqin ki, həqiqəti etiraf etmiş olarıq. 10 il ərzində yoxsulluq həddinin təxminən 10 dəfə, 49%-dən 5 %-ə qədər azaldılması bu sahədə bütün dünyada əldə edilən ən möhtəşəm nailiyyət kimi tarixə daxil olmuşdur.
Nəhayət, Azərbaycanın tarixi sıçrayışının ümumi, sintetik təcəssümü barədə. Ölkəmizin dünyada ən surətlə yeniləşən, dəyişən, müasirləşən ölkə statusunun hamılıqla qəbul edilməsi milli qürür hissi yaratmaya bilməz. Bu gün Azərbaycan və onun paytaxtı Bakı ən müasir ölkə və şəhər sayılırlar.Dəyişən təkcə ölkənin siması deyil, onun yaşamaq, müasirləşmək, gələcəyə layiq olmaq imkanlarını qazanmasıdır. İnsanların layiqli yaşaması üçün ən əlverişli, rahat şəraitin yaradılmasıdır. Bakının beynəlxalq miqyaslı mədəni, siyası, intellektual mərkəzə, dialoq, idman, tolerantlıq mərkəzinə çevrilməsidir. Nəticədə bütünlükdə Azərbaycanın, onun mədəni mühitinin, dəyərləri sisteminin müasirləşməsi, modernləşməsidir, insanların həyatı ilə yanaşı həyata baxışlarının dəyişməsidir. Bir sözlə, ölkəmiz son 13 il ərzində möhtəşəm sıçrayış yolu keçərək, vaxtilə Ümummilli lider Heydər Əliyevin dediyi kimi, sanki dünyaya yenidən doğmuşdur. Bu sıçrayış İlham Əliyevin iradəsinin, əməyinin, idarəçilik bacarığının nəticəsi, bir sözlə, onun haqqıdır. Proses isə davam edir. Azərbaycan yeni bir sıçrayışa hazırlaşır. İnanıram ki, bu sıçrayış da Prezident İlham Əliyevin haqqı kimi onun hazırladığı yeni iqtisadi islahatların təcəssümünə çevriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB