Politoloq: "Azərbaycanın diplomatik təşəbbüsləri real nəticələr yaratdı" MÜNASİBƏT

Politoloq: "Azərbaycanın diplomatik təşəbbüsləri real nəticələr yaratdı" MÜNASİBƏT

"Azərbaycanın diplomatik təşəbbüsləri real nəticələr yaratdı. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin son prosesləri Azərbaycan Prezidentinin "MİA-Novosti"yə verdiyi müsahibədə Dağlıq Qarabağa muxtar respublika statusu vermək təşəbbüsündən başlandı". Bunu SİA-ya bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti Ermənistan prezidenti ilə görüşməyə hazır olduğunu da bildirdi: "Dərhal Azərbaycan Prezidentinin bu iki təşəbbüsünə ATƏT-in Minsk Qrupunun həmsədri Uorlik reaksiya verdi. Amma az sonra bəlli oldu ki, Ermənistan prezidenti Azərbaycan Prezidenti ilə görüşə hazır deyil. Eləcə də Uorlik Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsinin də müzakirə olunduğunu bildirdi. Amma Uorlikin və başqasının nə deməsindən asılı olmayaraq Azərbaycan Prezidentinin bu təşəbbüsü artıq öz işini görmüşdü. S.Sərkisyan da elə həmin platformada "MİA-Novosti"yə müsahibə verəndə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki vəziyyət barədə fikirləri reallığa mümkün qədər yaxın idi. Az sonra ATƏT-in Hamburq ministerialı ərəfəsində Azərbaycan tərəfi "3+2" formatında görüşə hazır olduğunu bildirdi. Eləcə də Azərbaycanın Xarici İşlər Naziri E.Məmmədyarov Azərbaycanın istənilən formatda görüşməyə hazır olduğunu bildirdi.

Hamburq ministerialı ərəfəsində Azərbaycan tərəfi Ermənistan və Azərbaycan ictimaiyyətinin təmsilçilərindən ibarət sülh platforması yaradıldı. 3 erməninin Azərbaycana səfəri və Azərbaycanda onların ürək açıqlığı ilə qarşılanması bütün beynəlxalq ictimaiyyətin gözünün qabağında oldu. Dağlıq Qarabağ ermənilərinin də bu prosesə qoşulmasını gözləmək mümkündür.

Ministerialın özündə iştirak zamanı Azərbaycanın Xİ naziri sinxronlaşdırma ilə bağlı təklif irəli sürdü. Kaspişikin missiyasının genişləndirilməsi və qoşunların işğal olunmuş ərazilərdən çıxması prosesi ilə sinxronlaşdırılmalıdır. Bu vaxtadək ermənilər şərt irəli sürürdülər ki, Dağlıq Qarabağla bağlı danışıqlar yalnız Kaspişikin missiyasının genişləndirilməsindən sonra başlaya bilər. İndi Azərbaycan tərəfi Ermənistanın bu təklifini də neytrallaşdırdı. Hücum səviyyəsinə qaldırılmış diplomatik təşəbbüskarlıq Azərbaycana kifayət qədər ciddi uğur qazandırdı.

Beynəlxalq ictimaiyyət Azərbaycanın atdığı addımlara adekvat olaraq reaksiya verdi:

I. Qondarma qurumun de-fakto rəhbəri B.Saakyanın telemarafonda iştirakı zamanı həmsədr ölkələrə girişinə icazə verilmədi. Telemarafonun ənənəsinə görə hər il Bako Saakyan əvvəlcə Moskvaya, oradan Fransanın Lion şəhərinə, oradan da ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinə gedirdi. Bu il viza verilmədiyi üçün bu məsələ alınmadı.

II. Həmsədr ölkələrin Xarici İşlər Nazirlərinin Hamburqda yaydığı bəyanat Ermənistanın mövqelərinə kifayət qədər ciddi zərbədir. Həqiqətə mümkün qədər yaxın mövqedir. Amma elə başa düşürük ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistanı dərk etmək istiqamətində çox yubanmamalıdırlar. Onlar başa düşməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantı yeganə variantdır. Hərb variantı olmadan Ermənistan prezidenti S.Sərkisyan Dağlıq Qarabağın Azərbaycana qaytarılması variantına razılıq verə bilməz. Azərbaycanın diplomatik təşəbbüsləri irəli sürdüyü dövrlərdə Azərbaycanda hərbi aktivlikdə ən yüksək səviyyədə olub. Azərbaycan ordusu yeni kampaniyalara hazır olduğunu keçirdiyi təlimlərlə sübut etdi. Azərbaycanın irəli sürdüyü diplomatik təşəbbüslər Azərbaycan ordusunun keçirdiyi təlimlərlə sinxronlaşdırıldı və nəticədə bu lazımi effekt yaratdı. Əgər diplomatik təşəbbüslər Ermənistan tərəfindən qəbul edilməyəcəksə, Azərbaycan ordusu diplomatik təşəbbüslərimizə bu istiqamətdə də dəstəyini davam etdirəcək. Hərbi əməliyyatların variantları və ya modelləri çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə