ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanın tolerantlıq ənənələri

ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanın tolerantlıq ənənələri

ABŞ-da məşhur və olduqca geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovdan müsahibə alıb. SİA-ya səfirlikdən verilən məlumata görə, müsahibəni Con Batçelorla yanaşı ABŞ-da tanınmış ictimai xadim, yəhudi icmasının ən nüfuzlu nümayəndələrindən biri Makolm Hoenlein aparıb.

Verilişin dünya xəbərləri çərçivəsində baş tutmuş müsahibədən əvvəl aparıcı Azərbaycanın mühüm əhəmiyyətli Xəzər dənizi regionunda yerləşdiyi, həmin regionda sabitlik rolunu oynadığı və vacib enerji ölkəsi olduğunu vurğulayıb.

Müsahibə zamanı səfir Süleymanov Azərbaycanın zəngin tolerantlıq və mültikulturalızm ənənələrinə toxunub, müxtəlif din nümayəndələrinin dinc və həmrəylikdə yaşadığı, ölkəmizdə heç zaman ksenofobiya və ayrı-seçkiliyin olmadığını önə çəkib. Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində bu ənənələrin daha da gücləndiyini vurğulayıb. Buna misal kimi bu günlərdə Prezident İlham Əliyevin öz tvitter səhifəsindəki "Azərbaycanda heç bir zaman ksenofobiya və ya anti-semitizm olmayıb və heç vaxt olmayacaq" bəyanatını xatırladıb. Həmçinin, E.Süleymanov xatırladıb ki, bu yaxınlarda səfirliyin həmtəşkilatçı olduğu azadlıq və müxtəlifliyə həsr olunmuş Hanukkah tədbirində Azərbaycanın dünyada tolerantlıq və mənəvi körpü kimi tanınması sayəsində öz aralarında müxtəlif ziddiyyətləri olan dairələri bir araya gətirib. Buna xüsusi misal kimi E.Süleymanov Vaşinqtonda Fələstin Azadlıq Təşkilatı kimi qeydiyyata alınmış Fələstin nümayəndəliyinin rəhbəri və İsrail səfirinin tədbirdə birgə iştirakını vurğulayıb.

Bundan sonra, E.Süleymanov aparıcının Azərbaycanın xarici siyasəti ilə bağlı müxtəlif suallarına cavab verib və bu xüsusda Böyük İpək Yolu və Azərbaycandan keçən Qərb-Şərq və Şimal-Cənub marşrutları, İsrail-Azərbaycan əlaqələri, Azərbaycan torpaqlarının işğal edilməsi, yeni seçilmiş növbəti ABŞ Administrasiyası ilə əməkdaşlıq, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizin gözləntiləri barədə məlumat verib.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Hər gün yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Müsahibəyə bu linkdən qulaq asmaq olar:

https://audioboom.com/posts/5402995-in-praise-of-monicacrowley-nominated-deputy-national-security-advisor-for-strategic-communications-malcolm-hoenlein-conf_of_pres-azerbaijan-ambassador-to-the-united-state-elinsuleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə