Hikmət Hacıyev: “Biz imitasiya xarakterli danışıqları qəbul etmirik” AÇIQLAMA

Hikmət Hacıyev: “Biz imitasiya xarakterli danışıqları qəbul etmirik” AÇIQLAMA

"Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri rəsmi İrəvanın yürütdüyü ənənəvi təxribat siyasətinin bir tərkib hissəsidir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsünün sözlərinə görə, bu birdaha göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş torpaqlarına ilhaqı siyasətini yürüdür: "Bu həm də ona dəlalət edir ki, Ermənistan hər vəchlə danışqlar prosesini pozmağa və münaqişənin danışıqlar üsulu ilə həlli prosesinə mane olmağa çalışır".

H.Hacıyev əlavə edib ki, hal-hazırda prezidentlər səviyyəsində görüşün keçirilməsi məsələsi gündəmdə deyil: "Amma Azərbaycan tərəfinin görüşlərlə əlaqədar mövqeyini biz dəfələrlə bəyan etmişik. Azərbaycan münaqişənin həllində ən maraqlı tərəfdir. Çünki bizim ərazilərimiz işğala və təcavüzə məruz qalıb. Ona görə də Azərbaycan substantiv danışıqların həmişə tərəfdarı olub. Biz imitasiya xarakterli danışıqları qəbul etmirik. Rəsmi Bakı hər zaman münaqişənin həllinə xidmət edəcək substantiv danışıqlara hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə