Surxay Məmmədli: “Dünyapərəstlərin belə bir vaxtda şadyanalıq etməsini pisləyirəm” SƏRT MÖVQE

Surxay Məmmədli: “Dünyapərəstlərin belə bir vaxtda şadyanalıq etməsini pisləyirəm” SƏRT MÖVQE

İçərişəhər Cümə məscidinin icma rəhbəri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli bugünkü cümə xütbəsində dekabrın 15-də Xəzər dənizində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinə aid estakadanın aşması nəticəsində həlak olmuş neftçilərin ailələrinə başsağlığı verərək, hər bir azərbaycanlı kimi bu hadisədən dərin təəssüf hissi keçirdiyini və kədərləndiyini vurğulayaraq onların tapılması üçün dualar etdiyini bildirib.

Surxay Məmmədli belə bir zamanda bəzi telekanallarda, radio FM dalğalarında faciəyə uğramış vətəndaşlarımıza, neftçilərimizin ailələrinə dəstək olması yerinə, şou proqramların efirə verilməsini sərt şəkildə qınayıb və bildirib ki, daha öncə də bu kimi bənzər hal yaşanarkən, ictimai rəy bunun şahidi olmuşdu: "Təəssüf ki, neftçilərimizin ailələri, övladları, qohumları hazırda çox çətin bir sarsıntı hissləri keçirdiyi bir ərəfədə bəzi efirlərdə şadyanalıq, çal-çağır verlişləri gedir. Bu, yolverilməz bir haldır. Necə ola bilər ki, sən bu faciəni bilə-bilə xalqın qarşısına çıxıb reytinq davası, reklam davası döyürsən?! Bu, heç bir mənəviyyata sığmayan bir haldır və pislənilməlidir".

İlahiyyatçı həmçinin vurğulayıb ki, bəzən insanlar yalnız çətinə düşəndə Allahı yada salırlar, ancaq başqalarının çətin vəziyyətləri barədə düşünmürlər: "Onlar dünyapərəstlərdirlər ki, aqibətləri barədə qətiyyən düşünmürlər".

"Biz bu mübarək cümə günündə dua edirik ki, itkin düşən neftçilərimizin tapılmasında iştirak edən dövlət qurumları öz işlərinin öhdəsindən layiqincə gəlsinlər və digər problemlərlə üzləşməsinlər, axtarışlarını sağ-salamatlıqla başa çatdırsınlar".

Xatırladaq ki, estakadanın dənizə düşən hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış köşkünü də uçurub və hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Axtarışlar davam edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə