Zaur Məmmədov: "Rusiyanın xarici siyasət konsepsiyası maraqlı məqamları ilə diqqəti cəlb edir" TƏHLİL
"Dekabrın 1 – i elan edilən Rusiyanın xarici siyasət konsepsiyası maraqlı məqamları ilə diqqəti cəlb edir. Ümumillikdə, bu konsepsiyada yer alan dəyişikliklər son 3 ildə baş verən beynəlxalq amillər ilə sıx bağlıdır. Moskva ABŞ – ın provokasiyalarına ciddi şəkildə cavab verəcəyini elan edir. Eləcə də, sənəddə ilk dəfə olaraq Suriya və İŞİD haqqında cümlələrə rast gələ bilərik. Digər maraqlı məqam şimal qonşumuzun Ukraynanı prioritetlər siyahısında görməməsindədir". Bunu SİA-ya siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ Rusiyanın yeni xarici siyasət konsepsiyasının "regional prioritetlər" bölməsində öz əksini tapıb: "Bu bölmədə bildirilir ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri kimi münaqişənin həllində 2009 – 2013 –cü illərdə Rusiyanın, ABŞ-ın və Fransanın prezidentlərinin birgə bəyanatlarında nəzərdə tutulan prinsipləri əsas tutaraq fəaliyyət göstərir. Əlbəttə ki, 3 il əvvəldən fərqli olaraq indi Dağlıq Qarabağ və MDB dövlətlərindəki digər münaqişələrin prioritet kimi göstərilməsi dünyada və regionda gedən siyasi proseslər ilə bağlıdır.
MDB dövlətlərindəki hərbi münaqişələrin konsepsiyada prioritetlər siyahısında göstərilməsi onu deməyə əsas verir ki, Moskva Dnesrtyanı, Qarabağ kimi münaqişələrin açarlarını öz əlində saxlamaqda davam edəcəkdir. Əslində dəyişən heçnə yoxdur. Rusiyanın münaqişələrə baxış bucağı və yanaşma prinsipi eyni olaraq qalacaq".
Z.Məmmmədov bildirib ki, 2013 – cü ilin xarici siyasət konsepsiyasında olduğu kimi, yeni konsepsiyada da Avropa Birliyi və MDB dövlətləri ilə münasibətlər prioritet kimi göstərilib: "MDB dövlətləri içərisində, xüsusilə Ukrayna, Gürcüstan və Moldovanın adları çəkilib. Sənəddə deyilir ki, Rusiya Ukraynanın daxilindəki münaqişənin siyasi – diplomatik yolla həllini tapması üçün lazımı səylərini göstərəcək. 2013 – cü ildə Ukrayna prioritet ölkə kimi göstərilib. Sənəddə qeyd olunub ki, Rusiya Gürcüstan ilə münasibətlərin normallaşmasında maraqlıdır. Eyni zamanda Rusiya müasir demokratik dövlətlər kimi Cənubi Osetiya və Abxaziya dövlətlərinin inkişaflarına səy göstərəcək.
Konsepsiyada göstərilir ki, Rusiya Moldovanın ərazi bütövlüyünü tanıyır, amma bir şərtlə. O şərtlə ki, Dnestryanı ərazinin xüsusi status alması mümkün olsun .
Avropa Birliyi ilə münasibətlərdə "prioritetlər" siyahısından çıxarılıb. 2013 xarici siyasət konsepsiyasına nəzər yetirsək görərik ki, orada Rusiyanın Avropa sivilizasiyasının bir hissəsi olduğu qeyd olunur, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin imzalanması planlaşdırılırdı. Eyni zamanda, Atlantik okeandan Sakit okeana qədər vahid hümanitar və iqtisadi zonanın yaradılması qeyd olunurdu".
Siyasi elmlər namizədi əlavə edib ki, 2016 Doktrinasında isə, SSR-nın süqutundan sonrakı dövr ərzində Rusiya ilə Avropa arasında yığılan kifayət qədər sistemli problemlərdən bəhs olunur. Eyni zamanda Avropa Birliyi geosiyasi ekspansiyada ittiham olunur. ABŞ və Avropa Rusiyanın qarşısını alaraq regional və qlobal təhlükəsizliyi pozmuş olurlar: "Avropa Birliyi ölkələri arasında xüsusi tərəfdaşlar kimi İtaliya, Almaniya, Fransa, İspaniya kimi dövlətlər göstərilib. 2013 –cü ilin konsepsiyasında Böyük Britaniya ilə əlaqələrin inkişaf etdirilməsinin zəruriyyətindən yazılmışdırsa, indiki konsepsiyada bu ölkənin adı hallanmır.
NATO ilə münasibətlərə gəldikdə isə, bu təşkilata münasibət dəyişməyib. Konsepsiyada vurğulanır ki, Rusiya bərabərtərəfli tərəfdaşlıq əsasında alyans ilə münasibətləri quracaq. Sənəddə NATOnun Rusiya sərhədlərinə yaxınlaşması, Rusiya ilə həmsərhəd dövlətlərdə hərbi potensialının artması mənfi bir hal kimi qarşılanır.
Yeni konsepsiyada əsas diqqət terrorizm ilə mübarizəyə həsr olunub ( İŞİD).
2013 –cü ilin xarici siyasət konsepsiyası ilə müqayisə aparsaq bir sıra digər məqamlar da ortaya çıxır. Məsələn, üç il əvvəlki konsepsiyada beynəlxalq münasibətlərdə güc amili faktorunun rolunun azalmasının müdafiəsi və hərbi sahədə etimad tədbirlərinin gücləndirilməsi barəsində danışılırdı. İndiki yeni konsepsiyada isə, bu cümlələr çıxarılıb və qeyd olunub ki, hərbi sahədə güc faktorunun rolu artmaqdadır.
Digər maraqlı məqamlarda var. Məsələn, 2013 cü ildəki Rusiya xarici siyasət konsepsiyasında qeyd olunan "innovasiyalı inkişaf yoluna keçid", "insan hüquq və azadlıqlarının möhkəmləndirilməsi" ilə bağlı cümlələr budəfəki yeni xarici siyasət konsepsiyasının məqsədləri siyahısından çıxarılıblar. Yeni konsepsiyada milli irsin və Rusiya xalqlarının mədəni identikliyinin tanıtmasının vacib olduğu qeyd olunmuşdur.
ABŞ ilə münasibətlərə gəldikdə isə, əgər 2013 – cü ildə Rusiyanın ABŞ ilə münasibətləri "uzunmüddət ərzində prioritet" kimi göstərilirdisə, indiki konsepsiyada ABŞ "milli təhlükəsizliyə təhdid " statusunu almışdır. Buna səbəb kimi, ABŞ-ın Avropada raket hücumundan müdafiə sistemlərini yerləşdirməsi, öz ərazisinə aid olmayan coğrafiyalarda beynəlxalq hüququ pozaraq öz maraqlarını həyata keçirməsi göstərilir. Strategiyada deyilir ki, Rusiya ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemlərini yerləşdirməsini öz milli təhlükəsizliyinə təhdid kimi başa düşür və buna cavab kimi adekvat tədbirlərin görülməsi hüququnu özündə saxlayır. Məsələn, Rusiya orta və qısa mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxa bilər.
Sənəddə 2013 cü ildə qeyd olunan, ABŞ ilə viza sahəsində liberallaşmağa səy göstərilməsi cümləsinə də rast gəlinmir.
Konsepsiyaya görə Qərb ilə münasibətlərin pisləşməsində bütün məsuliyyət Qərbin üzərinə düşür. Deyilir ki, Rusiya beynəlxalq münasibətlərdə və dünya sivilizasiyasının inkişafında dəngələmə ( balanslaşmış) faktoru kimi çıxış edir. Həmsərhəd ölkələr ilə mehriban qonşuluq siyasəti aparır, onun xarici siyasəti isə, açıqdır, ardıcıldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB