Vüqar Zifəroğlu: “Suriyada cərəyan edənlər dünya müharibəsinin kiçik modelini xatırladır” AÇIQLAMA

Vüqar Zifəroğlu: “Suriyada cərəyan edənlər dünya müharibəsinin kiçik modelini xatırladır” AÇIQLAMA

"İstər Suriyada, istərsə də İraqda baş verən proseslər, yaxın gələcəkdə bu bölgədə stabilliyin mümkünsüz olduğu qənaətini yaradır. Proseslərdə bu və ya başqa formada iştirakı olan dövlətlər öz maraqlarını uzlaşdırmadıqca, kiçik də olsa güzəştlərə getmədikcə, böhranın həllindən danışmaq yersizdir". Bunu SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.

O qeyd edib ki, Suriyada baş verənləri yalnız daxili qarşıdurma kimi səciyyələndirmək mümkün deyil və proseslər çoxdan lokal çərçivədən çıxıb: "Suriyada cərəyan edənlər dünya müharibəsinin kiçik, yığcam xarakterli bir modelini xatırladır. İstər region ölkələri - Türkiyə, İran, İsrail, Səudiyə Ərəbistanı və Qətər, istərsə də bölgədə mövqelərini qorumağa çalışan güclər - ABŞ, Rusiya, Avropa ölkələri hadisələrə öz hədəfləri və maraqları çərçivəsində baxırlar. Bu ölkələrdən hər birinin özünəməxsus "Suriya həqiqətləri" var və bu "həqiqətlər" hər ölkə üçün tamamilə fərqli səciyyə və xüsusiyyətlərə malikdir. Digər tərəfdən, hazırda bölgədə məzhəbsəl qarşıdurma toxumları səpilməkdədir ki, bu da son dərəcə təhlükəlidir. Baş verənlərdən yalnız bölgədə marağı olan qüvvələr - Qərb, Rusiya deyil, eyni zamanda regionda öz nüfuzunu artırmağa çalışan və bunun üçün də məzhəbsəl vurğuya xüsusi önəm verən ölkələr – İran və ərəb ölkələri də yararlanmağa çalışırlar. Münaqişələrin belə bir vəziyyət alması türk coğrafiyası üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər ki, başlıca hədəf də elə budur".

Bütün xəbərlər Facebook səhifəmizdə