“Global Times”: “Tramp Tayvan məsələsini biznes maraqlarına uyğunlaşdırmamalıdır”
Çindən ABŞ-a XƏBƏRDARLIQ

Əgər ABŞ-ın yeni administrasiyası "vahid Çin" siyasətini pozarsa, Tayvanla əlaqələrini inkişaf etdirəcəksə və silah satacaqsa, bu zaman ÇXR Birləşmiş Ştatların düşmənlərini silahla təmin edəcək. SİA xəbər verir ki, bu barədə Çinin ingilis dilli "Global Times" nəşri yazıb.

Amerikaya qarşı çıxanları "ABŞ-a düşmən qüvvələr" adlandıran qəzet sual edib: "Nəyə görə biz onları açıq şəkildə müdafiə edə bilmərik, nə səbəbə biz onlara silahları məxfi olaraq sata bilmərik?".

Nəşrdə gedən yazı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın telekanallardan birinə verdiyi müsahibəsində "Mən anlaya bilmirəm, biz nəyə görə vahid Çin siyasətinə bağlı olmalıyıq, mən istəmirəm ki, Çin məni idarə etsin" ifadələrindən sonra gündəmə gəlib.

"Global Times" bundan öncə də Trampı tənqid edən yazı ilə çıxış edib. Həmin məqalə onun Tayvan rəhbəri Tsay İnvenlə telefon danışığı aparmasından sonra yazılmıpşdı.

Nəşr çinli ekspert, Çinin xarici işlər universitetinin professoru Li Haydunun ifadələrini də dərc edib. Ekspert bildirib ki, Trampın biznesmen kimi mövcud siyasət yürütməsi onun biznesi üçün yararlı ola bilər, bu normaldır, ancaq o anlamalıdır ki, Çinlə Tayvan məsələsində biznesayağı rəftar etmək doğru deyil. Tramp bu məsələdə yanılmamalıdır. Professor sonda "Tayvan məsələsi müzakirə obyekti ola bilməz"- deyə qeyd edərək həm də Trampın Tayvanla bağlı mövqeyini dəyişə biləcəyini də istisna etməyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə