Əflatun Amaşov: “İnsanların şəxsi həyatlarına müdaxilə edirlər” AÇIQLAMA
"Bu gün sözün həqiqi mənasında bir sıra insanlar yalan, düzgün olmayan ünvanlardan istifadə edərək ayrı-ayrı şəxslərlə bağlı yalançı informasiyalar verirlər, onların şərəf və ləyaqətini alçadırlar. Bir növ həmin insanların şəxsi həyatlarına müdaxilə edirlər. Təbii ki, bunların sayı kifayət qədərdir". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
MŞ sədrinin sözlərinə görə, Milli Məclisdə qəbul olunan sosial şəbəkələrlə bağlı son dəyişiklik məhz bu məsələyə həsr olunub: "Məqsəd ondan ibarətdir ki, bu sayaq saytlarda ayrı-ayrı insanların şərəf və ləyaqətləri alçaldılmasın. Hələki qanun qəbul olunub. Hesab edirəm ki, bütün bunlar bu sahədə müəyyən təmizliyə gətirib çıxaracaq. Digər məqamlara gəldikdə isə düşünürəm ki, bu məsələlər Azərbaycandan kənarda da anlaşıqlı qarşılanacaq. Çünki artıq ayrı-ayrı ölkələrdə buna bənzər olan hadisələr baş verib. İstər Böyük Britaniyada, İtaliyada, Almaniyada, Fransada da ayrı-ayrı sosial şəbəkələrdə insanların təhqir olunması bir problem kimi gündəmə gəlib".
Ə.Amaşov əlavə edib ki, hazırda Avropanın bir sıra jurnalist təşkilatları məhz bu məsələlərin baş verməməsi üçün müəyyən araşdırma aparıblar: "Düşünürəm ki, bu araşdırmalar nəticəsində Avropada da bu sayaq informasiya mənbələrinin yaratdığı problemlər gündəmə gələcək. O problemlərin aradan qalxması ilə bağlı müəyyən işlər görüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB