Azərbaycan və Türkiyə XİN rəhbəri Bakıda biraraya gəldi YENİLƏNİB

Azərbaycan və Türkiyə XİN rəhbəri Bakıda biraraya gəldi YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov bir daha Türkiyədə törədilmiş dövlət çevriliş cəhdini qətiyyətlə pisləyərək Azərbaycan xalqı və dövlətinin həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanında olduğunu bildirib.

Mevlüt Çavuşoğlu ölkəsində baş vermiş dövlət çevrilişinə cəhddən sonra qardaş Azərbaycanın Türkiyənin yanında olmasını yüksək qiymətləndiriklərini diqqətə çatdırdı və Azərbaycan hökuməti və xalqına təşəkkür edib. O, əlavə edib ki, əməkdaşlığımız Bakı-Tbilisi-Qars və TANAP kimi layihələrlə daha da güclənir və inkişaf edir.

Tərəflər ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyi, bu xüsusda Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin yaxın müddət ərzində istismara veriləcəyini bildiriblər. Nazirlər TANAP layihəsi üzrə işlərin davam etdirildiyini qeyd ediblər.

Azərbaycan və Türkiyə arasında beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək və birgə səylərin davam etdirildiyi vurğulanıb.

Ölkələrimiz arasında olan ikitərəfli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə kimi üçtərəfli formatlarda da inkişafının əhəmiyyəti qeyd olundu. Bu formatın daha da genişləndirilməsi yolları nəzərdən keçirilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə həmkarına məlumat verib.

Mevlüt Çavuşoğlu bəyan edib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması əsasında münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə