Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, gənclərlə keçirilən görüşdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, ölkədə son zamanlar tolerantlıq, multikulturalist ideyalar həyatın bütün sahələrində özünü göstərir: "Bu, ölkə başçısının ideoloji hədəflərindən biridir və biz bu hədəflərə doğru getməliyik. Bu istiqamətdə çox ciddi işlər görülür".
Kamal Abdullayev deyib ki, yay və qış məktəbləri Azərbaycan multikulturalizminin təbliği və təşviqi prosesi ilə yanaşı, ölkəmizə yeni dostlar qazandırmaq istiqamətində böyük bir platforma rolunu oynayır: "Məhz beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkilindən sonra "Azərbaycanın Gənc Dostları Klubu" İctimai Birliyi yarandı. Birliyin yüzlərlə üzvü və beynəlxalq auditoriyaya hesablanmış saytı var. Azərbaycan həqiqətlərinə ağız büzən, inanmayan, tənqid edən böhtançı qüvvələrə qarşı bizlərdən öncə Birliyin üzvləri - Azərbaycanın gənc dostları Amerikada, Avropada öz səslərini ucaldırlar. İndi dünyada ölkəmizin həqiqətlərini Azərbaycanın dostları müdafiə edir".
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov 2016-cı ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan olunduğunu diqqətə çatdırıb.
YAP Gənclər Birliyinin sədri bildirib ki, Azərbaycanda tarixən multikultural dəyərlərə hörmətlə yanaşılıb: "Ölkəmizdə hər zaman dini, irqi, etnik dözümlülük olub. Bu fakt ölkə Konstitusiyasında da öz əksini tapıb".
S.Orucov məhz multikulturalizm ilindən istifadə edərək onun təbliği istiqamətində mühüm addımların atılmasının gərəkdiyini bildirib, Azərbaycanın tolerantlıq modelinin dünya üçün bir nümunə olduğunu vurğulayıb.
Görüş müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB