Penitensiar xidmətin əməkdaşları beynəlxalq konfransa qatılıblar

Penitensiar xidmətin əməkdaşları beynəlxalq konfransa qatılıblar

24-25 noyabr 2016-cı il tarixlərdə Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Akademiyasının təşkilatçılığı ilə Ryazan şəhərində "Cəza-icra siyasəti və cinayət cəzalarının icrası məsələləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

SİA-nın məlumatına görə, konfransda müxtəlif ölkələrdən penitensiar sistemləri, təhsil müəssisələri və ictimai-siyasi təşkilatları təmsil edən 500 nəfərdən çox nümayəndə heyəti iştirak edib. Tədbirdə Ədliyyə Nazirliyinin Penitensiar xidməti Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Görüşdə penitensiar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, penitensiar sistemlərin, ictimai-siyasi təşkilatların və cinayət-cəza sisteminin inkişafı ilə bağlı olan digər dövlət orqanlarını təmsil edən nümayəndələr arasında inkişaf perspektivləri müzakirə edilib.

Konfrans zamanı cəza-icra siyasətinin indiki vəziyyəti və təkmilləşdirilməsi, azadlıqdan məhrumetmə növündə cəzaların icrası və məhkumlarla davranış zamanı beynəlxalq standartların tətbiqi, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası və cəzadan azad olunanların sosial adaptasiyasının təminatı, cəza-icra sistemində sosial və psixoloji iş, məhkumların təhsili və tərbiyəsi, ictimaiyyətin cəza-icra fəaliyyətinə cəlb edilməsi, cəza-icra müəssisələri üçün personalın hazırlanması, cəza-icra sisteminin inkişafının maliyyə-təsərrüfat təminatı, cinayət cəzalarının icrası sahəsində beynəlxalq əməkdaşlıq kimi mövzular üzrə çıxışlar dinlənilib.

24 noyabr 2016-cı il tarixdə konfransın plenar iclası keçirilib, daha sonra əsas mövzular üzrə müzakirələr dəyirmi masalar və elmi-praktiki seminarlar formasında davam edib.

Tədbirdə çıxış edən rəis müavini H.Əlixanov dəvətə görə Cəzaların İcrası Federal Xidmətinin və Akademiyanın rəhbərliyinə təşəkkürünü bildirmib və bütün konfrans iştirakçılarına ədliyyə nazirinin müavini ədliyyə general-mayoru cənab Ceyhun Həsənovun səmimi salamlarını və arzularını çatdırıb.

Səfər çərçivəsində Akademiyada təhsil alan azərbaycanlı müdavimlərlə görüş keçirilib, onların təhsil və məişət şəraiti ilə yaxından maraqlanılıb. Penitensiar xidmətin rəhbərliyinin tələbləri gənc müdavimlərin diqqətinə çatdırılıb və onlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya layiq olmaları tövsiyə edilib.

Akademiya rəhbərliyinin xahişi ilə elmi-praktiki araşdırmalarla məşğul olan adyunkt heyəti üçün Azərbaycanın penitensiar sahədəki nailiyyətləri, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısı və ədliyyə naziri birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun rəhbərliyi ilə son illər ərzində ədliyyə, cəza-icra qanunvericiliyi və maddi-texniki bazanın müasirləşdirilməsi barədə mühazirə oxunmuş və onların hər iki ölkənin cəza-icra və cinayət-prosessual qanunvericiliyndə oxşar və fərqli xüsusiyyətləri haqqında sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə