Millət vəkili: "Siçan deşiyi axtaran Sarkisyan bizə meydan oxuyur "

Millət vəkili: "Siçan deşiyi axtaran Sarkisyan bizə meydan oxuyur "

"Ermənistan prezidenti Respublikaçıların Qurultayında dolayısı ilə Azərbaycanı hədələyərək bildirib ki, lazım gələrsə Bakını da işğal edə bilərlər. Lakin biz hamımız yaxşı xatırlayırıq ki, aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sarkisyan indi Kremldə gedib özünə deşik tapıb və bizə meydan oxuyur". Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında cari məsələlər müzakirə olunarkən deyib.

Millət vəkilinin sözlərinə görə, düşmən ölkə prezidenti arxasında Rusiyanın İsgəndər raketlərini hiss etməklə özünü güclü hesab edir: "Bu gün Rusiyanın müdafiə naziri Serqey Şayqo İrəvana gedir və orada birgə qoşun yaradılması ilə bağlı sənəd imzalanacaq. Bu, Rusiyanın münaqişənin həllindəki vasitəçiliyi və Azərbaycanla olan münasibətləri ilə uyğun gəlmir. Azərbaycan Rusiya ilə münasibətlərini yüksək səviyyəyə qaldırmaq üçün əlindən gələni edir. Ona görə də biz Milli Məclis, hökumət olaraq Rusiyaya açıq şəkildə müraciət etməliyik. Əgər Rusiya Ermənistanı bu cür formada dəstəkləyəcək, işğalını davam etidirilməsinə şərait yaradacaqsa, o zaman biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Azərbaycanda 90 min şagird rus dilində təhsil alır. Rusiya ilə birgə müxtəlif tədbirlər, layihələr həyata keçiririk. Belə olan halda Rusiyanın bizə olan münasibəti arzu etdiyimiz münasibətlərə uyğun gəlmir. Rusiya ya vasitəçi kimi bitərəfli mövqeyini qoruyub saxlamalı, ya da Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalı, İsrail, Pakistanla olan münasibətlərimizi strateji müttəfiqliyə qaldırmalıyıq. Nəhayət biz özümümüzü Rusiyanın münaqişənin həllində vasitəçi olması ilə aldatmamalıyıq" .

Bütün xəbərlər Facebook səhifəmizdə