“Vandalizm” sənədli filminin təqdimatı keçirilib SƏS TV

“Vandalizm” sənədli filminin təqdimatı keçirilib SƏS TV

Bu gün Nizami Kino Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi, "Trend" İnformasiya Agentliyinin dəstəyi ilə hazırlanan, ideya və ssenari müəllifi Emil Hüseynli olan "Vandalizm" sənədli filminin təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, filmin çəkilməsində məqsəd Azərbaycan əleyhinə işğalçılıq siyasət yeridən, Azərbaycan xalqına qarşı soyqırım həyata keçirən Ermənistanın bu istiqamətdə əməllərini faktlarla ifşa etmək, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təqdimat mərasimində çıxış edərək bildirib ki, sənədli film Ermənistanın vandalizmi ilə bağlı görülən işlərdən biridir.

Komitə sədri deyib ki, filmdə tarixi mənbələrə və faktlara istinad edilib, beynəlxalq hüquq, patologiya sahəsində tanınmış mütəxəssislər və din xadimlərinin fikirlərinə yer verilib: "Filmin xarici ölkələrdə də nümayişi nəzərdə tutulub. Ermənilər işğal olunmuş ərazilərdə mədəniyyət abidələri sırasında məscidlərimizə də ziyan vurublar, dağıdıblar. Ermənilər bu ərazilərdə vandalizmə yol veriblər. V əsrin vandalizminin XXI əsrdə ermənilərin timsalında təkrar olunmasını görürük".

Milli Məclisin sədr müavini Bahar Muradova diqqətə çatdırıb ki, Azərbaycan bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlarda iş aparıb. Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş bölgələrə səfər etməsini tələb edib və buna nail olub: "2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş bölgələrə səfər edib. Bu səfərlər zamanı işğal olunmuş bölgələrdə vandalizmə yol verildiyi, erməni əhalinin məskunlaşdırılmağa çalışıldığı, iqtisadi fəaliyyətlə məşğul olunduğu üzə çıxıb".

Sədr müavini əlavə edib ki, bu gün nümayiş etdiriləcək filmdə də faktaraşdırıcı missiyanın üzə çıxardığı faktlar işıqlandırılacaq: "Mən bu gün tədbirdə iştirak edən xarici ölkələrin səfirlərindən bu faktları öz ölkələrinə çatdırmalarını istəyirəm".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov isə ermənilərin Zəngilanda 500-700 yaşı olan çinar ağaclarını məhv etdiyini xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, o çinarlar tək Azərbaycanın deyil, dünyanın sərvətləridir: "Füzuli rayonunda qədim insan məskəni olan Azıx mağarası da tək Azərbaycana məxsus deyil. Bütün bunlar həm də dünyanın tarixi-mədəni sərvətləridir. Ona görə də dünya birliyi işğal olunmuş Azərbaycan ərazilərində mədəni-tarixi abidələrin dağıdılmasının qarşısının alınmasına çalışmalıdır".

"Trend" İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev agentliyin erməni vandalizminin dünyaya çatdırılmasına xüsusi diqqət yetirdiyini deyib.

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev isə bədnam qonşuların Xocalı soyqırımı törətdiklərini xatırladıb və soyqırımın böyüyü-kiçiyi olmur sözlərini qonaqların diqqətinə çatdırıb: "Azərbaycan bayrağı bir gün mütləq Qarabağda dalğalanacaq".

Sonra "Vandalizm" sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə