Səfir: “Makedoniya yaxın gələcəkdə Azərbaycanda öz səfirliyini açacaq”
"Azərbaycanla Makedoniya arasında qurulmuş diplomatik əlaqələrin 20 ildən çox tarixi var. Bu münasibətlər ilk gündən qarşılıqlı anlayış, dostluq və ümumi maraqlara əsaslanıb". Bunu SİA-ya açıqlamasında Makedoniyanın Azərbaycandakı səfiri(iqamətgahı Ankarada) Zvonko Mucunski deyib.
Onun sözlərinə görə, yaxşı siyasi əlaqələr iqtisadi əməkdaşlıq, iki ölkə arasında ticarətin artması, eləcə də qarşılıqlı investisiya təşəbbüsləri üçün mühüm addımdır: "Ona görə ki, qarşılıqlı maraqlarda əsas məqsəd proseslərə doğru daha çox enerji və konkret addımlar sərf etməkdir. Makedoniya Prezidenti Georgi İvanov Bakıya ilk dəfə Krans Montana Forumu çərçivəsində səfər edib və orada prezidentlərimiz bir araya gəliblər. Dövlət başçıları növbəti dəfə 2015 və 2016-cı illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunda görüşüblər. Ümid edirəm ki, bütün sahələrdə əlaqələrimizi gələcəkdə daha da inkişaf etdirəcəyik. Hələlik Azərbaycanda Makedoniya səfirliyinin iqamətgahı yoxdur. Ona görə də Makedoniyanın Ankaradakı səfirliyi Azərbaycanla da əlaqələri gücləndirməyə məsuliyyət daşıyır. İnanıram ki, Makedoniya Respublikası yaxın gələcəkdə bu dost ölkədə öz səfirliyini açacaq".
Diplomat bildirib ki, Azərbaycanla turizm sahəsində də əlaqələrin inkişaf etditilməsində maraqlıdırlar: "Makedoniya dünyada məşhur turizm məkanına çevrilməkdədir. Təəssüf ki, hələlik Makedoniya Azərbaycanda maraqlı turizm ölkəsi kimi tanınmır. Azərbaycandan ölkəmizə gələn turist sayı cüzidir. Eyni fikirləri Azərbaycana gedən makedoniyalı turistlər barədə də deyə bilərəm. Bizim vəzifəmiz bu istiqamətdə çox işlər görməkdir. Bu kontekstdə iki ölkə arasında birbaşa uçuşların açılmasının mümkünlüyü nəzərdən keçirilə bilər. Hazırda Azərbaycandan Makedoniyaya uçuşlar Türk Hava Yolları vasitəsilə həyata keçirilir".
Səfir deyib ki, turizm Makedoniya Respublikası iqtisadiyyatının mühüm hissəsidir və son illərdə turist sayında artım müşahidə olunur: "Ölkəmiz özünün qədim monastırları, digər tarixi tikililəri, müalicəvi mineral bulaqları, möhtəşəm gölləri, yüksək dağları və yay turizmi ilə tanınır. Paytaxt Skopyenin qədim və zəngin keçmişi var. Skopye su kanalları, çoxlu sayda Osmanlı abidələri, xüsusilə, Qədim bazar, Mustafa Paşa məscidi turistlərin diqqətini çəkir. Bu gün Skopye 500 min əhalisi, müasir muzeyləri, çoxlu mədəni və idman tədbirləri ilə müasir şəhərə çevrilib. Ölkənin cənub-qərbində yerləşən Ohrid şəhəri isə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Şəhər həm də məşhur turizm məkanıdır. Düşünürəm ki, Makedoniya turizmi zənginliyi ilə azərbaycanlılar üçün də maraqlı ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB