"Trampın xarici siyasətində Azərbaycanın xüsusi yeri olacaq" MÖVQE
"Donald Trampın prezidentliyi dövründə ABŞ və Azərbaycan arasında yeni və daha səmərəli layihələrin həyata keçiriləcəyinin, tam yeni formatda əməkdaşlığın qurulacağının şahidi olacağımıza ümid edirik. Çünki Azərbaycan daim bütün siyasi spektorlarda, xüsusilə beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın yanında olub və NATO-nun sülhpərvər missiyalarında öz öncüllüyünü qoruyub-saxlayıb. Bu baxımdan da hesab edirəm ki, Trampın xarici siyasətində Azərbaycanın xüsusi yeri olacaq". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Adil Əliyev ABŞ-ın 45-ci prezidenti seçilmiş Donald Trampın quracağı xarici siyasətin, o cümlədən Azərbaycanla münasibətlərin hansı istiqamətdə olacağı sualını cavablandırarkən söyləyib.
Deputat Donald Trampın beynəlxalq siyasi arenadakı rolunun nədən ibarət ola biləcəyi proqnozlarına toxunaraq bildirib ki, hələ seçki marafonunda onu Rusiyanın adamı kimi ittiham edirdilər, amma hər kəs bunun belə olmadığının şahidi oldu: "Sadəcə, Donald Tramp ABŞ-ın qüdrətli dövlət olduğunu əsas götürərək, dünyanı bürümüş qlobal siyasi-iqtisadi böhrandan çıxış yolu kimi bəzi ölkələrlə münasibətləri soyuq müharibə şəraitindən isti münasibətlərə doğru dəyişdirmək arzusunu dilə gətirmişdi və bu fikirlər də bəzi siyasətçilər tərəfindən belə yozulurdu. Birmənalı şəkildə qeyd etməliyik ki, xüsusilə, beynəlxalq terrorçuluqla mübarizədə ABŞ-la Rusiya arasında ziddiyyətli məqamların olduğu bir vaxtda hər iki dövlətin bir araya gələrək yumruğu bir hədəfə vurması dünyanın mövcud siyasi ab-havasını kökündən dəyişə bilər. ABŞ-la Rusiyanın birgə əməkdaşlığı çox vacibdir və bu, dünyanın düzəninə yalnız səmərə verə bilər. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də ABŞ-ın yeni strategiyasının ortaya qoyulacağını gözləyirik. ABŞ-ın yeni prezidenti ölkəsinin bu istiqamətdə apardığı siyasətində daha yeni və daha qətiyyətli mövqeyini ortaya qoyacağına inanırıq. Həmçinin əgər beynəlxalq terrorizmə qarşı mübarizə sərtləşdiriləcəksə, bu Qarabağda oturuşmuş erməni terrorçularının da aqibətinə öz təsirini göstərmiş olacaq. Hər halda bunu zaman göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB