Tramp Klintonu keçdi BİR FAİZ

Sorğunun nəticələrindən bəlli olur ki, seçicilərin 46%-i Trampa, 45%-i isə Klintona səs verəcəklər. Daha dəqiq göstəricilərə görə, namizədlər arasındakı məsafə 0,7%-dir.

Seçicilərin 3%-i Libertarianlar partiyasının namizədi Geri Consona, 2 %-i isə Yaşıllar partiyasının namizədi Cill Stayna səs verəcəklərini bildiriblər.

ABC-dən bildirilir ki, Klintonun reytinqinin düşməsinin əsas səbəblərindən biri FTB direktoru Ceyms Kominin demokrat namizədlə bağlı istintaq işini yenidən qaldırması barədə konqersi məlumatlandırmasıdır. O, Klintonun dövlət katibi işlədiyi müddətdə şəxsi elektron poçtu vasitəsilə dövlət yazışmaları apardığını, bununla bir sıra məxfi informasiyaların ABŞ-ın dövlət maraqları əleyhinə işlənə biləcəyini vurğulayıb.

27-30 oktyabr tarixləri arasında keçirilən sorğuda 1128 insan iştirak edib. ABC və The Washington Post xəbər verir ki, rəqiblər arasındakı məsafə 3%-ə qədər arta bilər.

Xatırladaq ki, ABŞ KİV-ləri Hillari Klintonun noyabrın 8-də keçiriləcək prezident seçkilərindən sonra atəşfəşanlıq üçün fişənglər sifariş verib. Hətta polis və yanğınsöndürənlərə atəşfəşanlıqla bağlı ehtiyat tədbirləri görmək də tapşırılıb.

Lakin polis və yanğınsöndürənlər bildiriblər ki, onlar Klintonun tapşırığına əməl etsələr, bu onların namizədə aşkar dəstəyi kimi görünə bilər. Ona görə də onlar tələsmədiklərini və nəticələri gözlədiklərini bildiriblər.

New York Post qəzeti isə Klintonu "arxı hoppanmamış hop" deməkdə ittiham edib və eyni zamanda yazıb: "Maraqlıdır, əgər Klinton uduzarsa, aldığı pirotexnika və fişəngləri Trampa yarı qiymətinə sata bilərmi?"

Xatırladaq ki, noyabrın 8-də keçiriləcək prezident seçkilərində əsas rəqabət Donald Tramp və Hillari Klinton arasında olacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə