REAL hərəkatı ilə Müsavat arasında nə baş verir? TƏHLİL

Müsavatçılar hərəkatçıların onları əzib keçməsindən təlaş keçirirlər
REAL hərəkatı ilə Müsavat arasında nə baş verir? TƏHLİL

Son günlər Respublikaçı Alternativ Hərəkatı (REAL) və radikal müxalifət düşərgəsində təmsil olunan digər siyasi qurumlar arasında kəskin qarşıdurmalar yaşanmağa başlayıb. Belə ki, buna səbəb adıçəkilən hərəkatın düşərgədaxili fəallığının Müsavat və AXCP kimi partiyaların fəaliyyətini kölgədə qoymasıdır. Bir müddət öncə, REAL-ın icraçı katibi Natiq Cəfərlinin AXCP və "Milli Şura" təmsilçiləri ilə bağlı sosial şəbəkədə söz savaşı baş vermişdi. O, ənənəvi düşərgə təmsilçilərini köhnəçilikdə, durğun siyasət yürütməkdə və xarici qüvvələrdən sifariş almaqda ittiham etmişdi. Lakin sosial şəbəkədə AXCP sədri Əli Kərimlinin söyüş qrupu və "like"(bəyənmə) edənlər qismində fəaliyyət göstərən adamları N.Cəfərliyə qarşı hücum çəkdilər.

Natiq Cəfərlinin "yeni müxalifətçilik konsepsiyası" aranı qatıb: "Azadlıq" şüarının hələ arxivə atılmasının mümkün olmadığına şahid olacaqlar..."

İndi isə REAL təmsilçisi bənzər halı müsavatçılarla yaşamaqdadır. Müsavat partiyasına qarşı da demək olar ki, eyni ittihamlar irəli sürən N.Cəfərli bu dəfə nəninki Müsavatın Arif Hacılının klanı, o cümlədən, "ölü partiya" kimi fəaliyyət göstərən "Əhrar" sədri, A.Hacılının qardaşı Vaqif Hacıbəyli tərəfindən də cavablandırılıb. Bayaq da qeyd edildiyi kimi, səbəb eynidir, sadəcə bir az fərqli yanaşma ilə. Belə ki, N.Cəfərlinin bugünlərdə yazdığı "yeni müxalifətçilik konsepsiyası" adlı məqalə nədənsə müsavatçıları hiddətləndirib.

Konkret desək, N.Cəfərli müxalifəti 80-90-cı illərdə ilişib qalmaqda, "azadlıq" və digər ənənəvi şüarlarını "devalvasiyaya uğratmaqda" ittiham edib və s. Üstəlik, REAL-ın həbsdə olan sədri İlqar Məmmədovun mövcud vəziyyətinə də iztehzalı münasibət bildirib. SİTAT: "Ümid edirəm ki, nə vaxtsa, hörmətli REAL-çılar da İlqar Məmmədovun həbsdən azad edilməsi ilə əlaqədar cəmiyyətə çoxdan vəd etdikləri mitinqi təşkil edəndə "Azadlıq" şüarının hələ arxivə atılmasının mümkün olmadığına şahid olacaqlar..."

Arif Hacılının qardaşı REAL-ı "çürümüş" adlandırıb

Bu arada A.Hacılının partiyadaxili klanının üzvü, Müsavatın qadınlar təşkilatının sədri Ayla Yaqublu da N.Cəfərliyə bir sıra ittihamlı suallar ünvanlayıb. Müsavatçını dolayı yolla "girə bilmədiyin yerlərə başını soxma" ittihamına məruz qoyan N.Cəfərli sonda müsavatçılara xatırladıb ki, 20 ildə kelirdikləri heç bir mitinqlərdə uğur əldə edə bilməməyin özü irəli sürülən ittihamların sübutudur. SİTAT: "O ki qaldi çürümüş "REAL mitinq edə bilmir" tezisinə, Vaqif Hacıbəyli, 20 ildir mitinqi məqsəd elan etmisiniz, mitinq normalda vasitədir. On vasitədən biri, 9-nu edib, birini etməmək isə ayıb deyil".

Ancaq bu, həm də onu göstərir ki, müsavatçılar hərəkatçıların onları əzib keçməsindən təlaş keçirirlər.

Göründüyü kimi, REAL rəsmisi N.Cəfərli öz ittihamlarında müxalifəti birliyə dəvət edib və şüarlarda da müəyyən dəyişikliklərin edilməsini təklif kimi irəli sürüb, amma qarşı tərəf buna cavab olaraq İ.Məmmədovun həbsini, eləcə onun azadlığı tələbi ilə bağlı illərdir ki, söz verdikləri mitinqlərini keçirə bilmədiklərini xatırladıb. Beləliklə, ənənəvi düşərgədə dağıdıcılıq faktorları bu dəfə qarşılıqlı ittihamlar fonunda sərgilənir ki, bu da orada yeni savaşların yaranması proqnozlarını kifayət qədər reallaşdırmış olur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə