"Məktəbəqədər təhsillə bağlı" qanun layihəsi I oxunuşda qəbul edilib
Parlamentin bugünkü iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihə mütəxəssislərin və deputatların birgə fəaliyyəti sayəsində hazırlanıb.
Komitə sədri bildirib ki, qanun layihəsi 5 fəsil 24 maddədən ibarətdir və onun hazırlanmasında müasir dünya təcrübəsi nəzərə alınıb. Onun sözlərinə görə, qanuna əsasən, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər: "Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər. Müzakirəyə təqdim olunmuş qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək".
Qanun layihəsi geniş müzakirələrə səbəb olub.
Çıxış edən millət vəkillərindən layihəyə irad da bildirilib. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB