Hikmət Babaoğlu: “Yenidən aprel döyüşləri kimi həmləyə ehtiyac olacaq” MÜSAHİBƏ - SƏS TV
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, politoloq Hikmət Babaoğlunun SİA-ya müsahibəsi
- Bir neçə gün bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana səfər etdi. Bu, onların ənənəvi səfərləri idi, yoxsa budəfəki səfərdə hanısa fərqli nüanslar oldu?
- Çox təəssüf ki, həmsədrlərin ölkəmizə səfəri əvvəlkilər kimi formal səfər kimi yadda qaldı. Halbuki onlar 2016-cı ilin aprel ayının 1-dən 4-nə qədər təmas xəttində baş verən hadisələrdən sonrakı mərhələni substantiv danışıqlar mərhələsinin başlanğıcı kimi qiymətləndirmişdilər. Hətta bu barədə şərh verərək bildirmişdilər ki, substantiv danışıqlar nəticə verən danışıqlar deməkdir. Lakin o vaxtdan bu günə qədər ötən bir neçə ay ərzində danışıqların tempini izləsək görərərik ki, görüşlərdə, səfərlərdə siyasi əhval-ruhiyyə aprel döyüşlərindən əvvəlkinə qayıtmaq istiqamətindədir. Hanısa mərhələdə intensivlik oldu, lakin nəticə verən danışıqlara başlaya bilmədik. Bunun da əsas günahkarı həmsədr ölkələr və onların tutduqları mövqedir. Xatırlayırsınızsa, aprel döyüşlərindən sonra keçirilən Vyana və Sankt-Peterburq görüşlərində status-kvonun saxlanmasının mümkün olmaması barədə fikirlər səsləndirildi və bu döyüşlərdən sonra hər üç həmsədr ölkə ən yüksək səviyyədə bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemində status-kvo dəyişdirilməlidir. Amma təəssüf ki, bu gün həmsədrlər mövcud vəziyyətin saxlanmasında maraqlı kimi görünürlər. Uzun illər ərzində münaqişənin həlli istiqamətində konkret addımlar atılmırsa, bunu başqa cür qiymətləndirə bilmərik. Üstəlik yeni mərhələdə təmas xəttində atəşkəs rejiminin gücləndirilməsi, ona riayət olunmaması, müşahidə missiyasının səlahiyyətlərinin artırılması kimi məsələlər daha çox aktuallaşdırılır. Hazırda siyasi ritorika məhz təmas xəttində müşahidə missiyasının gücləndirilməsinə fokslanıb. Lakin bu qətiyyən doğru deyil və hesab edirəm ki, bu həmsədr ölkələrinin Ermənistanla eyni mövqeyə malik olmasından xəbər verir. Çünki işğalçı dövlət olan Ermənistan da status-kvonun saxlanmasında ən maraqlı tərəfdir. Ona görə də diqqət etdinizsə, həmsdərlərin ölkəmizə gəlməsi mətbuatda sadəcə bir cümlə ilə öz əksini tapdı ki, bu da onların Azərbaycana əli boş gəlmələrinin əsas göstəricisi idi.
- ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik bəyanat verdi ki, status-kvo davamlı ola bilməz. O, həmçinin bildirdi ki, işğal edilmiş Azərbaycan torpaqları bu ölkənin nəzarətinə qaytarılmalıdır. Uorlikin birdən-birə bu cür açıq bəyanatla çıxış etməsi haqqında nə deyə bilərsiniz?
- Onlar bunun deməyə məcburdular. Lakin Uorlikin fikri bununla tamamlanmır. O, işğal olunmuş Azərbaycan torpaqları geri qaytarmalıdır fikrindən sonra Dağlıq Qarabağın statusuun həll olunmasının vacibliyini qeyd etdi. Uorlikin son bəyanatının altında duran siyasi məzmun əslində paket həll vairantının gündəmə gətirilməsi deməkdir. Azərbaycan isə bu həll variantından imtina edirək, mərhələli varianta üstünlük verir. Bu variantın ilkin addımı kimi Azərbaycan Dağlıq Qarabağdan kənar 7 rayonunun azad edilməsini göstərir. Bu baxımdan düşünürəm ki, onlar vaxtaşırı bu cür sözlər, siyasi terminlərlə monipulyasiya edərək, danışıqlar prosesini uzatmağa çalışır, yeni məzmunda başqa aspektdən yeni terminlər icad etməklə məsələyə baxışı dəyişdirmək niyyəti güdürlər. Əslində isə məzmuna toxunmadan bunun ətrafında müxtəlif bəyanatlar verərək, bir növ ictimai diqqəti yayındırır, status-kvonu uzatmağa çalışırlar. Aprel döyüşündən sonra həmsədr ölkələrin tutarsız, prinsipal olmayan mövqeyi Ermənistanın da mövqeyinin dəyişməsinə gətirib çıxarır.
Aprel döyüşlərindən sonra xeyli yumşalan Ermənistan ritorikası yavaş-yavaş sərtləşməyə başlayıb. Hətta bəzən insanda elə təsəvvür yaranır ki, həmsədrlər təmsil etdikləri ölkə ilə deyil, şəxsi müstəvidə Ermənistanı bu cür sərt mövqedən çıxış etməyə sövq edirlər. Mən bundan da şübhələnirəm. Çünki həmsədrlərdən biri müşahidə missiyasının genişləndirilməsini istəyir. ATƏT-in Minsk qrupunun məqsədi təmas xəttində müşahidə missiyası həyata keçirməkdən ibarət deyil, onların əsas vəzifəsi BMT-nin mantadı ilə Dağlıq Qarabağ probleminin həll etməkdir. Amma nədənsə, problemi həll etmək əvəzinə, müşahidə missiyasının genişləndirilməsi, faktların fiksasiyasından danışılır. Sizə mandat verən BMT Təhlükəsizlik Şurası Azərbaycanın 20 faiz torpaqlarının işğal edildiyini 4 qətnamə ilə bildirib və onların qeyd-şərtsiz azad edilməsi ilə əlaqədar qərar qəbul edilib. Belə olan halda, niyə diqqət təmas xəttinə və digər tərəflərə yönəldilir? Burada əsas səbəb var. O da Ermənistana torpaqlarımızın işğal azad edilməsi ilə bağlı təzyiqlərin edilməməsidir. Çox təəssüf ki, hazırda Minsk qrupunun missiyası bu şəkildə davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti bütün çıxışlarında bildirir ki, biz özümüzə arxalanırıq, bizim siyasi, iqtisadi, hərbi müstəqilliyimiz bunun təminində əsas faktordur. Görünür bu mərhələdə uyğun şərtlər yaranan kimi Azərbaycan tərəfi yenidən aprel hadisəsi yaşatmalıdır ki, Ermənistan yenidən konstruktiv danışıqlar masasına gəlsin və həmsədrlər inansınlar ki, status-kvo bu şəkildə davam edə bilməz. Mən əminəm ki, Azərbaycanda bunu həyata keçirəcək siyasi iradə var. Çünki, önümüzdə bir nümunə var. Ölkəmizin bu siyasi irdəni fiziki güc şəklində tətbiq etməyə ordusu, hərbi silah-sursatı, sənayesi var. Bu baxımdan düşünürəm ki, yenidən aprel döyüşləri kimi həmləyə ehtiyac olacaq. Beynəlxalq şərtlər yaranan kimi tərəddüd etmədən Ali Baş Komandan belə bir qərar qəbul edəcək.
- Bilirsiniz ki, Türkiyə ATƏT-in Minsk qrupuna üzv olan 11 ölkədən biridir. Ümumiyyətlə, Türkiyənin həmsədr dövlət kimi çıxış etməsi mümkündürmü, bunun üçün nə etmək lazımdır?
- Türkiyənin həmsədr ölkə kimi çıxış etməsi uzun müddətdir ki, müzakirə olunur. Minsk qrupu formalaşan zaman Ulu Öndər Heydər Əliyev bu təşkilata üzv olan ölkə kimi Türkiyənin və ya Almaniyanın həmsədr dövlət olmasına israr edirdi. Lakin sonradan Fransa oldu və bunun da müxtəlif səbəbləri var. O zaman Fransa həmsədr dövlət olmasını Ermənistanla yaxın, eləcə də ona daha çox təsir etmək imkanına malik olması ilə şərtləndirmişdi. Türkiyənin həmsədr olması isə Ermənistan tərəfindən qısqanclıqla qarşılanır və rədd edilir. O zaman həmsədrlik instututu hər iki ölkənin rəhbərlikləri tərəfindən razılaşdırılırdı. Amma Ermənistan işğalçı dövlət kimi Türkiyənin bu prosesə yaxın gətirilməsini istəmir və onu qeyri-real məsələlərdə ittiham edir. Məsələ ondadır ki, bu gün Ermənistan-Azəraycan, Dağlıq Qarabağ problemi beynəlxalq münaqişələr müstəvisinə qaldırılıb. 1993-cü ildə minsk qrupu formalaşdırılan zaman artıq münaqişə beynəlxalq xarakter aldı. Hazırda problemi elə ölkələr həll edə bilər ki, onlar beynəlxalq münasibətlərdə hegemon güclərdir və onların qəbul etdiyi qərarlar qeyd şərtsiz qəbul edilir. Hazırda dünya siyasətini müəyyənləşdirən iki ölkə var ki, bu da ABŞ və Rusiyadır. Harada nə baş verirsə, bu ölkələrin siyasətinin nəticəsidir. Əgər münaqişə həll olunmursa, demək onlar bunu istəmir. Ona görə də düşünürəm ki, Türkiyənin həmsədr ölkə olması məsələnin həllinə prinsipal təsir edə bilməz. Problemi həll etmək üçün Türkiyə mövcud şərtlər içərisində hərbi güc tətbiq edə bilməz. Çünki hazırda regionda çox mürəkkəb proseslər baş verir. Bundan əlavə, bunun üçün beynəlxalq diplomatik şərtlər mövcud deyil, həmçinin regiona ölkələrinin hamısının rəyi nəzərə alınmalı, razılaşdırılmalıdır. Buna görə də ən optimal variant indiki həmsdərlik intitutudur və yetər ki, onlar üzərilərinə düşən vəzifəni yetirsinlər. Amma çox təəssüf ki, hələ biz bunu görmürük.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB