Azərbaycan və BMT gənclər siyasəti üzrə saziş imzalayacaq

Azərbaycan və BMT gənclər siyasəti üzrə saziş imzalayacaq

Bu gün ADA Universitetində Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lərin) həyata keçirilməsində gənclərin roluna həsr olunmuş panel müzakirə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən BMT-nin Bakıdakı Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai deyib ki, bu gün bütün dünyada BMT Günü kimi qeyd edilir. O bildirib ki, hazırda dünyada çoxsaylı gənc yaşayır və onlar müxtəlif proseslərdə çox fəal iştirak edirlər.

Onun sözlərinə görə, 2015-ci ilin sentyabrında Azərbaycan digər BMT üzv ölkələri ilə birgə Dayanaqlı İnkişaf Məqsədlərini özündə əks etdirən Dayanıqlı İnkişaf üçün 2030 gündəliyini qəbul etdi. Dayanıqlı İnkişaf gündəliyi gənclər üçün vacib yol xəritəsidir. Rezident Əlaqələndirici əlavə edib ki, Azərbaycan hökumətinə gənclərin inkişafı proqramı çərçivəsində öz dəstəyimizi verməyə hazırıq".

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib ki, gənclər müstəvisində BMT ilə əməkdaşlığın daha da inkişafını gözləyir: "Burada tədbirlərin keçirilməsi üçün yaxşı imkan var və BMT-nin Bakı ofisinin tədbirləri burda keçirilə bilər".

Deputat Fuad Muradov deyib ki, qlobal miqyasda olan problemlərə diqqət yetirilməli, məşğulluq, işsizlik, yoxsulluq haqqında danışmalıyıq: "Bir çox problemlərlə bağlı lazımi cavab tədbirləri olmadı. Misal kimi Azərbaycanın üzləşdiyi işğal və qaçqın problemini qeyd etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə