Münaqişənin həll yolunun tapılması bölgənin marağındadır

Münaqişənin həll yolunun tapılması bölgənin marağındadır

"Biz səbirsizliklə Azərbaycan Prezidenti ilə görüşü gözləyirik. Bakıda keçirəcəyimiz görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Hesab edirəm ki, Prezidentlərin Vyana və Sankt Peterburq görüşündə Qarabağ münaqişəsinin sülh yolu ilə həllində çox yaxşı imkanlar yaranıb". SİA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib ki, ABŞ Rusiya və Fransa ilə birgə münaqişənin həllinin tapılması istiqamətində çalışır: "Biz münaqişənin həllinin tapılmasında səylərin davam etdirilməsinə sadiqik. Bizim hədəfimiz münaqişənin sülh yolu ilə davamlı həllinə nail olmaqdır".

Dövlət katibi Con Kerrinin Dağlıq Qarabağa dair məlum bəyanatına münasibət bildirib: "Kerri münaqişə tərəfləri ilə işləyərək bu prosesə güclü öhdəliyini nümayiş etdirib. Bir müddət əvvəl Kerri hər iki prezidentlə NATO sammitində görüşüb çox faydalı danışıqlar apardı. Kerri Vyanada da prezidentlərlə görüşmüşdü. Qarabağ münaqişəsinin davamlı razılaşdırılmış həll yolunun tapılması bölgənin marağındadır və ABŞ-ın bu məsələdəki sadiqliynə şübhə olmamalıdır".

Uorlik deyib ki, Azərbaycan Prezidenti danışıqlar prosesinə öz sadiqliyini nümayiş etdirib və gələcəkdə Sarkisyanla görüşməyə, masa üzərində olan təklifləri müzakirə etməyə hazır olduğunu bildirib. Müzakirə mövzusu olan maraqlı ideyalar var və biz onları, həmçinin dövlət başçılarının növbəti görüşünü müzakirə edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə