Firudin Nəbiyev Dubay Əmirliyinə səfər edib

Firudin Nəbiyev Dubay Əmirliyinə səfər edib

Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru, general-mayor Məhəmməd Əhməd Əl-Mərrinin dəvətilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Dubay Əmirliyinə səfər edib.

Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğundan SİA-ya verilən məlumata görə, xidmət rəisini Azərbaycan Respublikasının BƏƏ-dəki səfiri Daşqın Şikarov, AR-ın Dubaydakı Baş konsulu Pərviz İsmayılzadə və Dubay Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin əməkdaşları səfər boyu müşayiət ediblər.

Daha sonra nümayəndə heyəti "GİTEX 2016" texnologiya həftəsi sərgisində iştirak edib. Firudin Nəbiyev sərgidə miqrasiya, texnologiya və digər sahələrdə ən son yeniliklər ilə tanış olub. Dövlət Miqrasiya Xidmətinin rəisi Dubay Beynəlxalq Hava Limanının Miqrasiya Məsələləri üzrə rəisi general-briqadir Talal Şanqiti ilə görüş keçirib. 18 oktyabr tarixində Firudin Nəbiyev general-mayor Məhəmməd Əhməd Əl Mərri ilə görüş keçirib. Səmimi qarşılanma mərasimindən sonra, nümayəndə heyəti Miqrasiya Xidmətinin inzibati binasında müəyyən idarələrin fəaliyyət ilə yaxından tanış olublar.

Daha sonra Firudin Nəbiyev ilə M. ƏL-Mərri arasında geniş tərkibdə görüş keçirilmiş və görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyədə olmasından bəhs edilib. Həmçinin, sözügedən münasibətlərin bu səviyyəyə çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Şeyx Məhəmməd bin Raşid Əl Məktumun rəsmi səfərlərinin əhəmiyyətli rol oynadığını vurğulanıb. Geniş müzakirələrdən sonra Dubay Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin fəaliyyət istiqamətlərinə dair video təqdimat mərasimi olub.

Təqdimat mərasimdən sonra, ortaya çıxan suallar və miqrasiya xidmətlərinin qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsi yolları araşdırılıb. Ümumi yekun nəticəyə gəldikdən sonra, nümayəndə heyəti maraq doğuran Giriş icazələri, Vətəndaşlıq və pasport, qədim pasportlar muzeyi, innovasiya mərkəzi, təlim və təkmilləşdirmə və digər xidmət idarələri ilə yaxından tanış olmuşlar. Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru, general-mayor Məhəmməd Əhməd Əl-Mərrinin dəvətilə Dubay Əmirliyinə səfər etmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə cari ilin 19 oktyabr tarixində Dubay Beynəlxalq Hava Limanında miqrasiya xidmətləri ilə tanış olub.

Xidmət rəisini Dubay Beynəlxalq Hava limanında Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru, general-mayor Məhəmməd Əhməd Əl-Mərri, Dubay Beynəlxalq Hava Limanının Miqrasiya Məsələləri üzrə rəisi general-briqadir Talal Şanqiti və digər yüksək vəzifəli rəsmilər qarşılayıb.Hava Limanının bütün 1-3-cü terminallarında bütün nümayəndə heyətinə xidmətlərin əyani şəkildə nümayiş olunması üçün tur təşkil olunub. Hava Limanında şərnişinlər üçün 7-20 dəqiqə vaxt ərzində yeni pasportun hazırlanması, smart qapılar vasitəsilə təqribən 15 saniyə ərzində keçidin başa çatması, yeni yaradılmış əməliyyat otağında daha keyfiyyətli və sürətli xidmət göstərilməsinə gətirib çıxaran sərnişinlərin pasportlarının öncədən yoxlanılması, saxta pasport və sənədlərin tədqiqatı laborotoriyası və digər çoxsaylı xidmətlər barədə geniş məlumat verilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 20 oktyabr tarixində BƏƏ-nin daxili işlər nazirinin vətəndaşlıq,yaşama icazəsi və limanlar məsələləri üzrə müavini Xəlifə Hərib Əl-Xeyli ilə görüşüb.

Görüşün gedişatında, miqrasiya, daimi və müvəqqəti yaşama icazəsi və başqa məsələlər üzrə tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə