“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib YENİLƏNİB - SƏS TV

“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib YENİLƏNİB - SƏS TV

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Şuşa qrantı" əsasında nəşr olunmuş "Qarabağ geyimləri" kitab-kataloqunun təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, müəllifləri Fəzayıl Vəilyev və Gülzadə Abdulova olan kitab-kataloqda ilk dəfə olaraq çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan foto-şəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb. Burada xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri, geyimə bənd edilən tikmə-hörmə bəzəklər və s.) də kataloqlaşdırılıb, onların elmi dəyəri müəyyən olunub.

Kitab-kataloq etnoqrafiya və sənətşünaslıq elmi ilə məşğul olan alim və mütəxəssislər, tarixçilər, bu sahədə ixtisaslaşan magistr, dissertant və doktorantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov münaqişənin tarixindən söz açıb, keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə azərbaycanlılara qarşı soyqırımı törədildiyini, torpaqlarımızın işğal edildiyini bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində ərazi bütövlüyümüzün bərpa olunacağını, məcburi köçkünlərimizin torpaqlarımıza qayıdacağını vurğulayıb. B. Səfərov mədəni irsimizə sahib çıxmağımızın vacib olduğunu bildirib.

Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev isə "Şuşa qrantı" əsasında nəşr olunmuş "Qarabağ geyimləri" kitab-kataloqunun əhəmiyyətindən söz açıb, gələcəkdə də bu yöndə layihələri dəstəkləyəcəklərini nəzərə çatdırıb.

Müəlliflər Fəzail Vəliyev və Gülzadə Abdulova kitab-kataloq barədə geniş məlumat veriblər.

Sonda tədbirdə Qarabağ geyimləri də nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi təşkilati dəstək göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə