İcmalçı: “Dövlət başçısının fikiri Ermənistana diplomatik ismarıcdır” AÇIQLAMA

İcmalçı: “Dövlət başçısının fikiri Ermənistana diplomatik ismarıcdır” AÇIQLAMA

"Prezident İlham Əliyevin "Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcək" fikri əmələ və konkret işə söykənir". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

İcmalçının sözlərinə görə, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən iqtisadiyyatla yanaşı, müdafiə sənayesi sektorunu və Silahlı Qüvvələri əsaslı şəkildə modernləşdirməyə başladı: "Bu gün Azərbaycan Silahlı Qüvvələrini bir çox istiqamətlərdə hərbi texnika ilə təmin edə biləcək müdafiə sənayesi müəssisələri mövcuddur. Ordunun imkanları, gücü və bacarığı isə artıq hər birimizə məlumdur.

Prezidentin "Azərbaycan heç vaxt Dağlıq Qarabağin müstəqilliyinə imkan verməyəcək" yaxud da "Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək" kimi fikirləri yuxarıda qeyd etdiyim kimi fakta söykənir. Bu fakt isə güclü ordu və onu hərbi texnika ilə təmin edəcək müdafiə sənayesi müəssisələridir. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun əks hücum əməliyyatı zamanı düşmənin itkiləri də məhz bunun göstəricisidir. İstənilən diplomatiyada gücə arxalanaraq öz işini qurur. Bu baxımdan Azərbaycan diplomatiyasının əldə etdiyi uğurlar da müdafiə sahəsində əldə olunan uğurlardan irəli gəlir. Dövlət başçısının bu fikiri həm də Ermənistana diplomatik ismarıcdır".

Bütün xəbərlər Facebook səhifəmizdə